"Yenidən İdarə Heyəti toplanacaq, qurultay çağırılacaq" - Şeyx Əbdül

18:17 - 05 İyun 2026

\"Yenidən İdarə Heyəti toplanacaq, qurultay çağırılacaq\" - Şeyx Əbdül

Xəbər verdiyimiz kimi, mayın 26-da keçirilən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qurultayından sonra mübahisələr hələ də davam etməkdədir. Belə ki, qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarovun AKİ-nin yeni sədri seçildiyi elan olunsa da, bir sıra kino və incəsənət xadimləri səsvermənin legitimliyini şübhə altına alırlar.


Cebheinfo.az-a danışan Əli İsa Cabbarov bildirib ki, qurultayın nəticələrinin hüquqi qüvvəyə minməsi ilə bağlı yekun qərar hələ verilməyib:

“Xalq artisti Şəfiqə xanım Məmmədova ilə birlikdə yaranmış vəziyyəti müzakirə etdik. Məsələnin həm hüquqi, həm də kino ictimaiyyətinin ovqatı cəhətdən bütün aspektlərini danışdıq. Şəfiqə xanımla münasibətimizdə qarşılıqlı hörmət qalmaqdadır. Təşkilatımızın hüquqi və legitim müstəvidə daha da güclü işlər görülməsi üçün çalışacağıq. Bəzi həmkarlarıma şiddət ritorikasından barış ritorikasına keçməyi məsləhət görürəm. Ancaq harmonik və kreativ atmosferdə biz kinomuzun inkişafı üçün birgə addımlar ata bilərik”.

Bəs təşkilatdakı qurultay böhranı nə zaman bitəcək?

“Yenidən qurultay çağırılacaq və yeni sədr seçiləcək”.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov deyib. O, Əli İsa Cabbarovun barışıq ritorikası çağırışına bu cür cavab verib: “Əli İsa Cabbarov bütün körpüləri yandırdı. Onun belə bir işə girməyə nə mənəvi, nə də ideoloji baxımdan haqqı yox idi. Həm də intellektual baxımdan. O, heç əsl mənada mədəniyyət işçisi də deyil. Necə xalq artisti, əməkdar incəsənət, kino xadimlərinə rəhbərlik etmək iddiasına düşə bilər? Utanmır?

Mən əvvəldən də bunu ona demişdim. Amma o, elə düşünürdü ki, 5-10 nəfəri başına yığıb, hansısa bir şou yaradıb nəyəsə nail ola bilər. Heç keçirdikləri tədbirin adını da bilmirlər. Gah deyirlər konfransdır, gah deyirlər qurultaydır, gah da, sadəcə, tədbir adlandırırlar. İndi də çıxıb barış ritorikasından danışır. Axı sən məsələni niyə o yerə gətirib çıxardın ki, indi də üzrxahlıq etməyə başlamısan?

Burada heç bir güzəştdən söhbət gedə bilməz. Heç bir barışdan söhbət gedə bilməz. Nə qədər əsəblərimizi korladı, nə qədər vaxtımızı aldı, kino xadimlərini bir-birinə qarşı qoydu. Elə adamlar bizə ağızlarına gələni dedilər ki, hansı ki, əvvəllər bizə salam verməyi özlərinə şərəf bilirdilər. Bunu da qoyaq bir kənara. Və nəhayət, Əli İsa, sən bilmirsənmi ki, o yer sənin deyil? Rasim Balayevin xəstəliyindən istifadə edib qurum daxilində nələr etdiyini hər kəs bilir. Rasim Balayev ona səlahiyyət də vermişdi, möhürü də etibar etmişdi. Amma bu etimaddan necə istifadə olunduğunu hamı gördü.

Əli İsa Cabbarovun sonda bu cür reaksiya ilə qarşılaşacağını gözləmirdi. Əli İsa Cabbarov, sən məgər kino adamısan? 20-30 il bundan əvvəl bir sənədli film, bir televiziya filmi çəkmisən, bununla özünə rejissor deyirsən? O dərəcədə bütün körpüləri yandırdı, pərdəni aradan götürdü ki, artıq bunun bağışlanası tərəfi qalmayıb. Bu gün onun sözü artıq qanun deyil. Yalandan legitim olmayan bir toplantı keçiriblər və bunu kino ictimaiyyətinə qəbul etdirmək istəyirlər. Bu mümkün deyil.

Məsələ öz həllini yüz faiz tapacaq. Kino ağsaqqallarından ibarət 27 nəfərin, o cümlədən mənim də iştirakımla yenidən İdarə Heyəti çağırılacaq, qurultay keçiriləcək və biz yeni sədrimizi seçəcəyik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az