logo
logo logo
logo

Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatından FOTOLAR

20:32 - 02 İyul 2026

Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatından FOTOLAR

İyulun 2-də Milli Kitabxanada Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Dünyası Milli Kitabxanaları Birliyinin, “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib. 


Manset.az xəbər verir ki, əvvəlcə “Ortaq irs, zəngin xəzinə: Milli Kitabxananın qızıl fondundan” başlıqlı geniş kitab sərgisi ilə tanışlıq olub. Dövlət Himni səsləndirilib, Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının dilləri, mədəni irsi və elmi əməkdaşlıq perspektivləri üzərində düşünən alimləri bir araya topladığını söyləyib, qurultayın tarixi əhəmiyyətindən danışıb.  

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova Türk Dünyası Milli Kitabxanaları Birliyinin 2024-cü ilin dekabr ayında məhz Azərbaycan Milli Kitabxanasında təsis olunduğunu, birgə ortaq layihələrin həyata keçirilməsi istiqamətində işlərin nəzərdə tutulduğunu qeyd edib.

Nazir müavini həmçinin Milli Kitabxana tərəfindən nəşr edilmiş “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılmasının Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olduğunu, bu təşəbbüsün eyni zamanda qurultayın müəyyən etdiyi məqsəd və prinsiplərin gələcək mərhələdə təşkilatlanmış şəkildə davam etdirilməsinə xidmət edən mühüm platforma olacağını söyləyib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov cəmi 8 gün davam edən qurultayın, əslində, bütöv bir əsrin düşüncə və ideya istiqamətlərinə təsir edən hadisəyə çevrildiyini, XX əsr türkoloji fikir tarixinin ən mühüm elmi hadisələrindən biri kimi qiymətləndirildiyini və ideyalarının Türk dünyasında elmi-mədəni inteqrasiyanın inkişafı baxımından aktuallığını qoruyub saxlağını söyləyib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Türk dünyası ölkələrinin  son illərdə bir-biri ilə münasibətlərinin daha da dərinləşdiyini, həmrəyliyinin möhkəmləndiyini, böyük bir gücə çevrildiyini bildirib. 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında “Türk Dünyası Həftəsi”nin əhəmiyyətini vurğulayıb. O, universitetin Milli Kitabxana ilə uğurlu əməkdaşlığından danışıb, Birinci Türkoloji Qurultayın stenoqramının ortaya çıxarılmasında hər iki qurumun ciddi səylərini yüksək qiymətləndirib.  

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin yüksək səviyyəsində qeyd olunduğunu bildirib. 

“Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat”ın ön söz müəllifi olan N.Cəfərov nəşrlərin əhəmiyyətindən danışıb.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə Mədəniyyət  və Turizm Nazirliyi Kitabxanalar və Yayınlar İdarəsinin rəhbəri, Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu, İstanbul Universitetinin professoru Osman Fikri Sertkaya və digərləri çıxış edərək son illər türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənməsindən danışıblar.

Tədbirdə daha sonra “Birinci Türkoloji Qurultay” adlı elektron məlumat bazası (https://anl.az/el/emb/Turkoloji_qurultay/index.html) təqdim edilib.

Sonda bir qrup alim və ziyalıya Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az