logo
logo logo
logo

“İncə Sənətlə üz-üzə” adlı konsert keçirildi - FOTOLAR

20:33 - 04 İyul 2026

“İncə Sənətlə üz-üzə” adlı konsert keçirildi - FOTOLAR

Tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsert mövsümünün təntənəli bağlanışı ilə yanaşı, ənənəvi açıq hava konsertləri mövsümünün rəsmi açılışı kimi də əlamətdar olub. Yay axşamının xüsusi ovqatında baş tutan konsert musiqisevərlərə dünya klassik musiqisinin ən parlaq səhifələrindən seçilmiş əsərlərdən ibarət zəngin proqram təqdim edib.


Manset.az xəbər verir ki, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edib. Gecənin solisti Xalq artisti Murad Hüseynov olub. Dirijor, orkestr və solistin peşəkar interpretasiyası hər bir əsərin emosional dərinliyini və bədii çalarlarını dolğun şəkildə tamaşaçıya çatdırıb.

Proqramda “Oğru sağsağan” uvertürası, “Qıpçaq rəqsləri”, Fortepiano və orkestr üçün Konsert a-moll, op.16 və “Amerikalı Parisdə” əsərləri səsləndirilib. Proqramın dramaturgiyası Rossininin parlaq və dinamik orkestr dili ilə başlayaraq Borodinin monumental səhnələri, Qriqin lirik-romantik fortepiano konserti və Gerşvinin caz elementləri ilə zəngin simfonik poetikası arasında rəngarəng musiqi səyahəti yaradıb. Müxtəlif dövrləri və üslubları əhatə edən bu repertuar klassik musiqinin zəngin ifadə imkanlarını nümayiş etdirərək dinləyicilərə unudulmaz estetik təəssüratlar bəxş edib.

Yay səhnəsinin özünəməxsus atmosferində baş tutan konsert mövsümün uğurla başa çatmasını simvolizə etməklə yanaşı, Filarmoniyanın açıq hava konsertləri ənənəsinin yeni səhifəsinə də uğurlu başlanğıc verib. Axşamın sonunda səslənən sürəkli alqışlar isə musiqisevərlərin bu yaddaqalan sənət gecəsinə verdiyi yüksək dəyərin ifadəsi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az