İncəsənət məktəblərində müasir yaradıcı sənaye sahələri üzrə tədris imkanlarının genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb.
Mədəniyyət Nazirliyindən Manset.az-a bildirilib ki, yeni tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların hazırlanmasında əsas məqsəd müasir yaradıcı sənaye sahələrinə maraq göstərən və bu istiqamətlər üzrə potensiala malik yeniyetmələrin istedad və bacarıqlarının inkişafına şərait yaratmaq, onların yeni ixtisaslar üzrə təhsil imkanlarını genişləndirmək və gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.
Qeyd edək ki, MEMİM tərəfindən daha əvvəl incəsənət məktəblərində tədris olunan fortepiano, violin, tar, kamança, qanun, qarmon, balaban, saksofon, xor, vokal, xor dirijorluğu sinifləri, eləcə də elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları da hazırlanıb.
Yeni tədris proqramları ilə MEMİM-in rəsmi internet səhifəsinin “Nəşrlərimiz” bölməsindən tanış olmaq mümkündür.