Bir neçə gün öncə İtaliyanın Baş naziri Ciorcina Meloni Azərbaycana rəsmi səfər edib. 13 il sonra keçirilən səfər zamanı iki ölkə arasında iqtisadi, enerji və mədəni əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüşlər keçirilib. Bu səfər İtaliya-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olub. Səfər Azərbaycanın dünya ölkələri ilə münasibətlərinin inkişafı baxımından yüksək qiymətləndirilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan və İtaliya arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir:

“İstər iqtisadi, istər siyasi, istərsə də hərbi və mədəni cəhətdən bu istiqamətlər günü-gündən genişlənməkdədir. Bir neçə gün öncə İtaliyanın Baş nazirinin Azərbaycana səfəri və səfər vaxtı bir sıra məsələlərin müzakirəsi bir daha göstərdi ki, biz, doğurdan da, strateji tərəfdaşıq. Bu gün Azərbaycan qazı Trans Adriatik Boru Kəməri vasitəsilə İtaliyaya çatdırılır. Eyni zamanda, İtaliya Azərbaycandan ən çox neft alan dövlətlərdən biridir. Məhz Baş nazirin səfəri vaxtı NATO-nun, eləcə də Avropa İttifaqının üzvü olan bir dövlətin bu səviyyədə Azərbaycana dəstək göstərməsi və Azərbaycanın da beynəlxalq təşkilatlarda İtaliyaya dəstək göstərməsi bunun bariz sübutudur”.
Deputat qeyd edib ki, İtaliya ilə tərəfdaşlıq çərçivəsində hərbi sahə də xüsusi əhəmiyyət kəsb edir:
“Hərbi baxımdan hərbi silah-sursat, döyüş avadanlıqları və digər bu istiqamətdə hərbi sənaye kompleksinin, aviasiya sahəsinin inkişafı, paralel olaraq da hərbi sənaye kompleksində birgə müəssisənin açılması, eyni zamanda yeni silah-sursatın ixrac və idxalı məsələsi də gündəmdədir. Bu da bu istiqamətdə atılan mühüm addımlardandır. Azərbaycan bu gün NATO standartlarına uyğun hərbi qüvvələrini daha da genişləndirir və onun NATO ilə əlaqəsinin olması, bunu İtaliya vasitəsilə etməsi də çox vacib əhəmiyyət kəsb edir. Birgə ali təhsil müəssisələrinin açılması, tələbə mübadiləsi də nəzərdə tutulur. Meloninin səfəri vaxtı da bu nüanslar hər biri nəzərə alındı. Mətbuat üçün birgə keçirilən bəyanatlarda da bunlar səsləndi. Bir sözlə, NATO-nun üzvü və Avropa İttifaqına daxil olan böyük bir dövlətlə Azərbaycanın əlaqələrinin genişlənməsi həm suverenlik, həm ərazi bütövlüyü, eyni zamanda Azərbaycan xalqının rifahı baxımdan çox böyük əhəmiyyət kəsb edir”, - deyə Arzu Nağıyev fikirlərinə əlavə edib.
Fidan Vəlisoy
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
