Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən ardıcıl islahatlar və vətəndaş cəmiyyətinin inkişafına göstərilən dövlət dəstəyi bu sahədə mühüm nəticələr verir. Qanunun aliliyinin möhkəmləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin təşviqi hüquqi dövlət prinsiplərinin daha da güclənməsinə əhəmiyyətli töhfə verir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Manset.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti hüquqi dövlət qurulmasında böyük rol oynayır. Dövlətimiz özü bu prosesə ciddi formada üstünlük verir.
“Bu istiqamətdə davamlı olaraq mühüm addımlar atılır. Bunun üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu gün eyni bu məsələ bizim konstitusiyamızda öz əksini tapıb. Konstitusiyamızda bu məsələlər aydın və tam şəkildə təsbit olunub. Cənab Prezidentin, ölkə rəhbərinin bu məsələyə xüsusi diqqəti və qayğısı var. Bu istiqamətdə davamlı olaraq müxtəlif addımlar atılır. Bu da dövlət siyasətini əks etdirir.
Hüquqi dövlətin əsas prinsiplərindən biri vətəndaşların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsidir. Bu baxımdan vətəndaş cəmiyyətinin inkişafı dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, ictimai dialoqun genişlənməsinə və müxtəlif təşəbbüslərin reallaşdırılmasına mühüm töhfə verir. Qanunun aliliyinin qorunması, insan hüquq və azadlıqlarının təmin olunması, şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar da bu məqsədə xidmət edir”.
Deputat xüsusilə qeyd edib ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi və institusional mühit formalaşdırılır. Dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri onların sosial, humanitar, maarifləndirici və ictimai əhəmiyyət daşıyan layihələrinin icrasına geniş imkanlar yaradır. Bunun nəticəsində cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını ifadə edən təşəbbüslərin sayı artır, vətəndaş fəallığı daha da güclənir:
“Eyni zamanda, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının inkişaf etdirilməsi ictimai nəzarətin səmərəliliyini yüksəldir, qəbul olunan qərarların daha geniş ictimai maraqlara uyğun formalaşmasına şərait yaradır. Bu əməkdaşlıq ölkədə demokratik dəyərlərin möhkəmlənməsinə, hüquqi islahatların davamlı xarakter almasına və cəmiyyətin dayanıqlı inkişafına mühüm töhfə verir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən siyasət həm dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsinə, həm də vətəndaşların ictimai həyatda daha fəal iştirakının təmin olunmasına xidmət edir. Nəticə etibarilə, hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı bir-birini tamamlayan və ölkənin davamlı inkişafını təmin edən əsas amillərdən biridir”, - deyə C.Məmmədov fikirlərinə əlavə edib.
Fidan Vəlisoy
6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
