“Uşaqların sosial mediadan qorunmasına dair parlament qanununu ən mütərəqqi hadisə kimi qiymətləndiririk. 94% valideyn eyni mövqeyi bölüşürdü”.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda bu gün təşkil etdiyi ictimai müzakirədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
“Bu, xalqdan gələn çağırış idi, əslində xalqın qəbul etdiyi qanun idi. Amma arzulayıram ki, o uşaqlar o qanunun qəbulu zamanı bizi izləməsinlər. Çünki birdən belə ictimai dinləmələrə baxsalar, görəcəklər ki, salonda 52 nəfər var, mən saydım və onun 80%-nin gözləri telefonda idi. Böyüklərinin özünü də rəqəmsal sistemlərdən qorumaya dair qanunlara ciddi ehtiyacımız var”, - komitə sədri qeyd edib.