Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin gündəlikdə olduğu bir sıra məsələlərin müzakirəsi ilə yadda qalıb. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü, həmçinin Ali Dövlətlərarası Şuranın üçüncü iclası keçirilib. Tərəflər siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə ediblər. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər imzalanıb və mübadilə olunub. Həmçinin Özbəkistanda Azərbaycanla bağlı bir sıra layihələrin açılış və təməlqoyma mərasimləri keçirilib. Görüşlər və imzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin müxtəlif sahələr üzrə gündəliyini əhatə edib.
Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Özbəkistan arasında strateji münasibətlər iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın güclənməsinə, eyni zamanda, iki ölkənin daha da yaxınlaşmasına xidmət edib. Bir tərəfdən, dövlət başçıları arasında səmimi, eləcə də qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər ölkələr arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradıb. Digər tərəfdən isə Azərbaycan-Özbəkistan ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığı son illərdə daha da gücləndirib:

“2025-ci ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi 3,2 dəfə artaraq 795 milyon dollara çatıb və hədəf ticarət dövriyyəsini 1 milyard dollara qədər yüksəltməkdən ibarətdir. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bir tərəfdən, bu səfər yeni anlaşmaların imzalanmasına, eyni zamanda, ölkələrin strateji əməkdaşlıq hədəflərinin daha da dərinləşdirilməsinə şərait yaradacaq. Digər tərəfdən isə yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrin daha da yaxınlaşmasına xidmət edir. Bu əməkdaşlıq yalnız ticarət dövriyyəsi ilə məhdudlaşmır. Eyni zamanda, birgə investisiya layihələrini reallaşmasına, nəqliyyat və logistika, eləcə də informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıqda özünü göstərir”.
Deputat qeyd edib ki, nəzərə alsaq ki, bir neçə il öncə təsis edilən və 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Fondu artıq çoxsaylı layihələrin maliyyələşdirilməsində iştirak edir, bu da təbii ki, ölkələrin iqtisadiyyatına böyük töhfədir:
“Eyni zamanda, turizm sahəsində əməkdaşlığın gücləndirilməsi də əsas istiqamətlərdən biridir. Son illər Özbəkistandan Azərbaycana gələn turistlərin sayında da artım müşahidə olunur. Bu da təbii ki, iki ölkə arasında strateji münasibətlərin inkişaf səviyyəsini bir daha təsdiq edir.
Azərbaycan Özbəkistanla həm Türk Dövlətləri Təşkilatı, həm də C6 platforması çərçivəsində əməkdaşlıq edir. Özbəkistan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşı, türk dövlətləri arasında isə ikinci ən böyük ticarət tərəfdaşıdır. Bu, onu göstərir ki, iki ölkə arasında strateji münasibətlər kifayət qədər dərin inkişaf edib. Prezidentimizin Özbəkistana dövlət səfəri də bu münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Fidan Vəlisoy
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
