Ermənistan üçün son 6 gün – Müharibə riski artır: Rusiya İrəvanı VURA BİLƏR

13:39 - 30 Mart 2024

Ermənistan üçün son 6 gün – Müharibə riski artır: Rusiya İrəvanı VURA BİLƏR

Regionda eskalasiya riski artır. Avropa İttifaqı (Aİ), Ermənistan və ABŞ arasında planlaşdırılan 5 aprel görüşü belə deməyə əsas verir.

 

Aİ və ABŞ-nin Ermənistana yönəlik hərbi, siyasi, təhlükəsizlik planları regionda maraqları olan dövlətlər üçün də ciddi təhdidə çevrilə bilər. Rusiya artıq bu görüşün onun üçün çox ciddi təhlükə mənbəyi olduğunu dərindən hiss etməyə başlayıb. Zaxarovanın bununla bağlı iki gün əvvəlki açıqlaması Rusiyanın narahatlığını aşkar şəkildə göstərir.

Lakin baş verən bu qlobal siyasi proseslər fonunda daşdan səs çıxır, daim nədənsə Cənubi Qafqazda bir öhdəliyinin olduğunu düşünən İrandan səs çıxmır ki, çıxmır. İranın daha kəskin və sərt reaksiya verməsi gözlənildiyi halda rəsmi Tehran prosesləri lal-dinməz izləməyə davam edir. 

Görünür Tehranı Qərbin Ermənistan üzərindən regiona müdaxilə planları qəti narahat etmir. Kənar geosiyasi oyunçuların regiona gəlməsinin eskalasiya risklərini və gərginliyi bir qədər də artıracağını nəzərə alsaq İran ən azından öz təhlükəsizliyi üçün buna reaksiya verməli idi. Çünki məhz Tehran regionda "təhlükəsizliyi" əsas gətirərək, ölkələrin sərhədlərinə müdaxiləni özünün qırmızı çizgizi hesab edərək, bunu regionun sabitliyinə xələl gətirəcək ssenari adlandırıb, son 4 ildə ən kəskin çıxışı ilə yadda qalan tərəfdir.

Lakin nədənsə biz İranın timsalında tamamilə fərqli hadisələrin şahidiyik. Belə ki, Rusiyanın müttəfiqi olan, İranla iqtisadi əməkdaşlığı formalaşan və 30 ildən çox məhz Tehranın qanadları altına sığınan Ermənistan bu gün geopolitik vektorunu dəyişərək Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı daha üstün hesab edir. Amma Tehran Moskvadan fərqli olaraq bundan qəti narahatlıq keçirmir.

Ən böyük təhdid Rusiyadır desək, yanılmarıq. Çünki Ermənistanın Avropa İttifaqına çıxış imkanı elə məhz Kremlə qarşı hesablanmış bir gedişdir. Lakin Ermənistanın birdən-birə Rusiyanın orbitindən çıxmaq planları düşünüləcək qədər sadə deyil. Ermənistan bu gün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxsa heç nəsiz qala bilər. İrəvan Moskvadan üz çevirirsə bunu nəzərə almalıdır ki, o, eyni zamanda əsas benefisiar olduğu AİB-dən də çıxmalıdır. Bununla belə, ermənilərin ümumi Aİ bazarına nə zaman və hansı şərtlərdə çıxış imkanı əldə edəcəyi məsələsi də qaranlıqdır.

Qərbin ermənipərəst dairələrinin boş vədlərinə aldanan Ermənistan isə nəticədə "Əli aşından da ola bilər, Vəli aşından da". Çünki bu gün Ermənistana edilən çağırışlar vaxtilə digər dövlətlərə edilib və nəticəsi də göz önündədir. 

Zərrə qədər də şübhə edilmir ki, Qərbin məlum dairələrinin bu planı arxasında Rusiya amilindən sonra məhz Azərbaycanla haqq-hesab dayanır. Təbii ki, bunun arxasında Fransa-Emanuel Makron amilinin dayandığı istisna edilmir. Təkcə bir fakta nəzər salmaq nələr baş verdiyini anlamaq mənasında kifayətdir: 

Fransanın məşhur "Le Figaro" nəşri yazır ki, Makron və Von Der Leyen arasında Qarabağla bağlı fikir ayrılıqları baş verib. Makron Qarabağla bağlı konfrans və Azərbaycana qarşı sanksiyalar tətbiq etməsini tələb edib. Von Der Leyen isə bildirib ki, Azərbaycan Aİ üçün enerji baxımından həyatidir və buna görə də biz buna gedə bilmərik. Eyni zamanda Almaniya höküməti də Fransanın sanksiya təklifinə qarşı çıxıb. Macarıstan və Polşa da bu qərara veto edəcəyini bildiriblər”.

Bütün bunların fonunda bu gün Ermənistanın yerləşdiyi geosiyasi durumu təhlil etməyən, bu ölkənin inkişafını istəməyən, həmin dövlətdən ancaq özünün siyasi məqsədləri üçün istifadə etməyə çalışan başda Fransa və ABŞ-dəki ermənipərəst dairələr olmaq üzrə Qərb strukturları bölgəni qarışdırmaq üçün Ermənistanı yenidən qızışdıraraq onun üzərindən öz planlarını həyata keçirməyə çalışırlar. Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. 

Bütün bunlar şübhəsiz ki, Bakı ilə İrəvan arasında sülh prosesinə zərbə vura bilər. Tərəflərin maksimum dərəcədə qarşılıqlı etimada zərər vuracaq vasitələrdən yayınması lazım olduğu halda belə addımların atılması hadisələri fərqli məcraya çəkmək istəyindən xəbər verir. Təbii ki, bu səbəbdən də rəsmi Bakı göz görə-görə bu hərbi paktın əldə edilməsinə qarşıdır və bunu nəyinki özü üçün, birbaşa region üçün çox böyük təhdid hesab edir. Əgər Nikol Paşinyan ölkəsinin maraq və prioritetlərinin Brüsseldə təyin edilməsini normal hesab edirsə, bunun cəfasını da çəkməyə hazır olmalıdır. 

Atabəy Türkel


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin