Rusiya Azərbaycanda baş konsulluqlar yaratmaq istəyir

19:39 - 6 İyun 2024

Rusiya Azərbaycanda baş konsulluqlar yaratmaq istəyir

Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir, Rusiya Federasiyası bu məsələdə uğur qazanacağına ümid edir.

Manset.az Axar.az-istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən "Rusiya - Azərbaycan" sessiyasında deyib.

"Qeyd etmək istərdim ki, Azərbaycanda baş konsulluqlarımızın yaradılması əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışına uyğun olardı. Azərbaycanlı dostlarla danışıqlar aparırıq və ümid edirik ki, uğur qazanacağıq", - deyə nazir müavini bildirib.

Rusiya XİN rəhbərinin müavini çıxışında "3+3" regional platformasının fəaliyyətindən də bəhs edib.

O qeyd edib ki, Rusiya və Azərbaycan "3+3" regional platformasının fəal, faydalı və təşəbbüskar iştirakçılarıdır.

Qaluzinin sözlərinə görə, məhz bu format regiona daha çox ehtiyac duyulan sabitlik və təhlükəsizliyin gətirilməsini vəd edir:

"3+3" regional platformasında Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə iştirak edir. Gürcüstana isə qarşılıqlı fəaliyyət üçün qapı həmişə açıqdır", - deyə o bildirib.

Qaluzin Rusiya-Azərbaycan münasibətlərinin hazırda çox yaxşı olduğunu vurğulayıb.

"Bu, 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə uyğun olaraq müttəfiqlərin qarşılıqlı fəaliyyəti və strateji tərəfdaşlıq münasibətləridir", - deyə o əlavə edib.

Rusiya XİN rəhbərinin müavini Azərbaycanda rus dilinin öyrənilməsi məsələsinə də diqqət çəkib.

"Dünən Vladimir Vladimiroviç Putin dedi ki, rus dilinin öyrənilməsi məsələlərində Azərbaycan Prezidentinin dəstəyini hiss edir, çünki bu, ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir. Biz bunu birlikdə edirik, biz burada yeni imkanlar tapırıq, bu məsələləri çox fəal şəkildə müzakirə edirik" – Qaluzin bəyan edib.

"Əminəm ki, biz bu yolla getsək, Rusiya-Azərbaycan münasibətlərinin ən uğurlu, etibarlı və praqmatik inkişafı liderlərimizin razılaşmalarına uyğun olaraq fəal şəkildə davam etdiriləcək", - deyə nazir müavini yekunlaşdırıb.

Qeyd edək ki, iyunun 5-dən 8-dək Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.


Xəbər xətti

14 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin