Naxçıvana endirilən xain zərbənin Tehran üçün geosiyasi fəsadları
Bu gün bütün region ölkələri İranın faşist rejiminin öz qonşularına qarşı daha bir xəyanətinin şahidi oldu. Naxçıvanda mülki infrastrukturun dronla vurulması təkcə lokal insident deyil, bu, Tehran rejiminin geniş regional gərginliyə, İranın bütün bölgəni yandırmağa gerçəkdən də cəhd etdiyinin daha bir sübutu oldu. Azərbaycan İranın ərazi bütövlüyü, suverenliyini müdafiə etdiyini, ona qarşı başladılan müharibəni pislədiyini, bu ağır günlərdə onların yanında olduğunu dəfələrlə bəyan etsə də əvəzində yenə də xəyanət, riyakarlıq gördü.

Əslində dəyişən heç nə yoxdu, Azərbaycan zaman-zaman İrandan yalnız xəyanət, ikiüzlülük, terroçuluq, erməni işğalı və separatizminə həmişə dəstək görüb. Amma qarşılığında yenə də beynəlxalq hüquqa, mehriban qonşuluğa, ümumi dini dəyərlərə hörmət əlaməti olaraq İranla heç nə olmamış kimi davranıb, amma yetər. Hörmət də, qonşuluq da qarşılıqlı olmalıdır. Azərbaycan müstəqillik əldə etdiyi ilk günlərdən daim İranla konstruktiv, səmimi münasibətlərə cəhd edib. Daim çalışıb ki, əlaqələr ortaq dəyərlərə əsaslansın, sözdə deyilənlər reallıqda da olsun. Ona görə də bir zamanlar işğal altında olan Qarabağda dini ziyarətgahlar təhqir olunanda da, məscidlərə donuzlar buraxılanda da, Azərbaycan müsəlmanlarını qətlə yetirən erməni rejimini ayaqda saxlamaq üçün yanacaqla təmin edəndə də, öz ərazisini Ermənistanın əsas silah-sursat dəhlizinə çevirəndə də Azərbaycan təmkinlə yanaşdı.

Düşündü ki, bütün bunlar İrandakı hakim administarsiyanın geosiyası yanlışlıqları da ola bilər, amma İranda hökumətlər dəyişsə də Azərbaycana qarşı qərəzli yanaşma dəyişmədi ki, dəyişmədi. Bu da Tehran rejiminin Azərbaycan xalqına qarşı tarixi qərəz və məkrli mahiyyətini bir daha ortaya qoymuş oldu.
Fars zehniyyətindəki antiazərbaycan sindromunun tarixi kökləri

Bildiyimiz kimi İran çoxmillətli və çoxmədəniyyətli dövlət kimi formalaşıb. Azərbaycanılıar hazırda ölkənin farslarla yanaşı ən böyük xalqlarından biridir. Tarixi mənbələr göstərir ki, sonradan İran adlandırılan bu ərazidə yaşayan türkdilli əhali əsrlər boyu dövlətin siyasi, iqtisadi və hərbi həyatında mühüm rol oynayıb. Xüsusilə Səfəvilər dövründə türk tayfalarının dövlət idarəçiliyində aparıcı mövqedə olması bu tarixi rolun ən parlaq səhifələrindən biridir. Bu gün isə əsasən Təbriz, Ərdəbil, Urmiya və Zəncan kimi şəhərlərdə yaşayan azərbaycanlılar İran cəmiyyətinin mühüm demoqrafik və sosial komponentlərindən birini təşkil edir. Amma bütün bunlara baxmayaraq əsrlərdir ki, fars zehniyyətində bir antiazərbaycan, türkəfob sindrom dolaşmaqdadır. Elə hazırkı dövrdə də İranın milli siyasətindəki ayrı-seçkiliK, yerli xalq olan azərbaycanılara qarşı davam edən təhqirlər, milli zəmində təzyiqlər, ana dilimizə olan basqılar məhz bu sindromun müasir təzahürləridir. Dil və mədəniyyət məsələsi ilə yanaşı, Cənubi Azərbaycanda sosial və iqtisadi, ekoloji problemlər də zaman-zaman xalqın narazılığına səbəb olub. Yerli əhali və milli fəallar uzun illərdir bu problemlərin İran qanunları çərçivəsində həll olunmasını tələb etsələr də zindanlara atılır, edam olunur, yaxud da səhhətlərinə sağalmaz izlər qoyulur. İranın ətrafdakı qonşularına qarşı son günlər atdığı təcavüzkar addımlar, xüsusilə Azərbaycana qarşı da dronlardan istifadə etməsi ölməkdə olan orqanizmin aqoniyasından, son çırpıntılarından xəbər verir, amma rejim unutmamalı idi ki, Naxçıvana vurduğu zərbə, əksinə onun miskin sonunu bir qədər də sürətləndirə bilər.
Ümumiyyətlə Cənubi Azərbaycan məsələsi təkcə İranın daxili siyasi mövzusu deyil, eyni zamanda da insan hüquqları və mədəni müxtəliflik kontekstində də beynəlxalq müzakirə predmetidir. Son illər regionda baş verən geosiyasi dəyişikliklər, molla rejiminin bugünədək buraxdığı ciddi səhvlər bu mövzunu yeni müstəviyə çıxardı. Cənubi Qafqazda güc balansının dəyişməsi, Azərbaycanın regional rolunun artması və Türkiyənin regionda daha aktiv siyasət aparması İran daxilində yaşayan azərbaycanlılara molla rejiminin qısqanclığını, təzyiqini bir qədər də intensivləşdirdi. Onu da qeyd edək ki, Cənubi Azərbaycan məsələsi hazırda sadəcə milli və ya mədəni kimlik mövzusu deyil. Bu, həm də bir xalqın sadəcə mövcudluğu üçün milli təhlükəsizlik məsələsidir. Regionda baş verən dəyişikliklər fonunda bu məsələnin gələcək inkişafı həm yeni İranın daxilində aparılacaq islahatlardan, eləcə də Yaxın Şərq və Cənubi Qafqazdakı geosiyasi proseslərdən asılı olacaq. Hər halda gedişat Güney Azərbaycan xalqının öz təbii haqlarını əldə etməyə çox yaxın olduğunu göstərir, güneyli soydaşlarımız hazırkı geosiyasi fürsətdən yararlanaraq tarixi haqlarını geri qaytarmaq üçün hər an hazır olmalıdırlar. Bu dəfə gecikmək olmaz. Güney Azərbaycanına AZADLIQ !

Qafqaz Cənublu