Zaqatala rayonunun Çobankol kəndində yerləşən tibb məntəqəsi qəzalı və istifadəyə yararsız vəziyyətdədir. Bununla bağlı bir qrup kənd sakini redaksiyamıza müraciət edib. Onlar qeyd edir ki, xüsusilə də, soyuq və qarlı havalarda sınıq pəncərəli və pis şəraitli tibb məntəqəsində lazımi tibbi yardımı ala bilmirlər. Sakinlər sözügedən tibb məntəqəsinin görüntülərini redaksiyamıza təqdim ediblər.
Məsələ ilə bağlı Manset.az TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan verilən açıqlamada bildirilib ki, hazırda ölkədə ilkin səhiyyə xidməti üzrə təkmilləşdirmə işləri aparılır. Bu istiqamətdə İlkin tibbi-sanitariya yardımının mövcud idarəetmə strukturu, maliyyələşməsi, kadr potensialı və maddi-texniki bazası üzrə təhlillər edilib.
"Aparılmış təhlillər əsasında İlkin tibbi-sanitariya yardımının təkmilləşdirməsinə dair Konsepsiya sənədi hazırlanıb. Sözügedən sənəddə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar 7 strateji istiqamət və 36 tədbir nəzərdə tutulub".
Açıqlamada qeyd olunub ki, konsepsiyada nəzərdə tutulan fəaliyyətlərin icrası məqsədilə hazırda Bərdə rayonunda pilot layihə həyata keçirilir. Digər regionlarda da bunun tətbiqi nəzərdə tutulub:
"Pilot layihədə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin infrastrukturunun yenilənməsi, onların fəaliyyətinin elektronlaşdırılması, tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələrin tətbiqi nəzərdə tutulur. Pilot layihə yekunlaşdıqdan sonra nəticələri nəzərə alınmaqla, Zaqatala rayonunun Çobankol kəndi də daxil olmaqla ölkənin bütün regionlarında mərhələli şəkildə keyfiyyətli və əlçatan İlkin səhiyyə xidməti təşkil olunacaq", - deyə vurğulanıb.
Fidan Vəlisoy


