Gələn ay Azərbaycan dünyanın mötəbər tədbirlərindən biri olan WUF-a (World Urban Forum) ev sahibliyi edəcək. Belə ki, bəzi məktəblər, peşə, orta ixtisas və ali təhsil müəssisələrində 18-22 may tarixlərində tədris prosesi distant (məsafədən) formada təşkil olunacaq.Bu qərardan sonra tədbir müddətində bəzi iş yerləri də distant formaya keçə bilər?
Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında bildirib ki, WUF COP29-dan sonra dünyanın ən böyük beynəlxalq tədbirlərindən biridir. Bu səbəbdən də belə bir qərarın verilməsi istisna deyil.

“Dünya Urban Forumu bütövlükdə qlobal olaraq iştirakçı səviyyəsinə görə dünyada ikinci ən böyük tədbirdir. Nəzərə alsaq ki, COP dünyada iştirakçı sayına görə ilk, WUF isə ikincidir. WUF-da iştirak etmək üçün Azərbaycana 35 minə yaxın nümayəndə heyəti gələcək. Artıq qeydiyyat prosesi davam edir. Bu tədbirə kifayət qədər böyük maraq da var”.
Deputat qeyd edib ki, distant təhsillə yanaşı iş yerlərinin də distant fəaliyyətə keçməsi müəyyən qiymətləndirmələrdən sonra Nazirlər Kabineti tərəfindən verilə bilər:
“Hələ ki belə bir qərarın verilib-verilməyəcəyini proqnozlaşdırmaq çətindir. Bu, birbaşa Nazirlər Kabinetinin səlahiyyətində olan bir məsələdir. Sözsüz ki, qonaqların çoxluq təşkil edəcəyi günlər nəzərə alınmaqla, Azərbaycanda neçə gün və hansı günlərə qalacaqları ilə bağlı qiymətləndirilmələr aparılaraq bu istiqamətdə qərarların verilməsi istisna deyil”.
Fidan Vəlisoy