“WUF13 zamanı nümayiş olunan yanaşmalar xüsusilə sürətlə böyüyən şəhər ərazilərində daha da vacibdir”.
Manset.az xəbər verir ki, bu sözləri Nayrobidə Ətraf Mühit Proqramı (UNEP) yanında Somali Federativ Respublikasının Daimi Nümayəndəliyində səfirin baş məsləhətçisi Buşra Əhməd Abdi deyib.
O bildirib ki, iqlim uyğunlaşması üçün maliyyələşdirmənin yerli mənzil infrastruktur təşəbbüsləri ilə əlaqələndirilməsində ciddi potensial mövcuddur. Onun sözlərinə görə, hazırda maliyyələşdirmə sahəsində iqlim fondları, mənzil fondları və müxtəlif hökumət mexanizmləri bir-birindən ayrı şəkildə fəaliyyət göstərir.
Buşra Əhməd Abdi qeyd edib ki, bu sistemlərin birləşdirilməsi və inteqrasiya olunmuş şəkildə işləməsi dövlətlərin xidmət göstərmə imkanlarını daha da gücləndirə bilər.
O, həmçinin yerli məlumat sistemlərinə və icmalar tərəfindən yaradılan informasiyaya daha çox investisiya yatırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, xüsusilə bir çox Afrika şəhərlərində icmalar infrastruktur boşluqları, həssaslıq nümunələri və yaşayış şəraiti barədə ən dəqiq məlumat mənbəyinə çevrilir.
Onun fikrincə, bu yerli bilik sistemlərinin gücləndirilməsi planlaşdırmanı, resursların daha düzgün yönləndirilməsini və uzunmüddətli şəhər dayanıqlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Fidan Vəlisoy