Bu gün kənd təsərrüfatı sahəsində dövlət proqramının icrası çərçivəsində regional görüşlərə start verilir. Müzakirələr zamanı proqramın əsas istiqamətləri və yerli fermerlər üçün perspektiv imkanlar təqdim olunacaq. Bu təşəbbüslər Azərbaycanın kənd təsərrüfatında əhəmiyyətli müsbət irəliləyişlərə səbəb olacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında bildirib ki, aqrar sektor həm ərzaq təminatı və ərzaq təhlükəsizliyi baxımından, eyni zamanda bütövlükdə iqtisadi inkişaf baxımından vacib sahədir:

“Azərbaycanda məşğul əhalinin 37 faizi kənd təsərrüfatı sahəsində çalışır, bu baxımdan sözügedən sektorun daha yaxından dəstəklənməsi hər zaman Azərbaycan dövləti üçün prioritetdir. Dövlət proqramında konkret istiqamətlər və hədəflər var. O cümlədən, kənd təsərrüfatı məhsullarının ixracının 4 dəfə artırılması və 6 milyard dollara çatdırılması əsas hədəflərdəndir. Bir sıra Azərbaycan üçün nümunə, pilot hesab edilən ölkələrin təcrübələri göstərir ki, aqrar sektor həm də ölkəyə valyutanın daxil olması baxımından vacib sahələrdəndir. Bu baxımdan dövlət proqramı birmənalı olaraq aqrar istehsalın artmasına və daha çox ixrac imkanları ilə yanaşı reallaşmasına gətirib çıxaracaq”.
Deputat qeyd edib ki, aqrar sektorun inkişafı həm də qiymətlərin optimallaşdırılması baxımından vacibdir:
“İdxaldan asılılığın aradan qaldırılması, daha çox yerli məhsulların istehsal edilməsi kənd təsərrüfatı məhsullarının qiymətlərinin optimallaşdırılmasına gətirib çıxara bilər. Bu, əsasən də, növbəti dövrdə qiymət artımlarının qarşısının alınması baxımından əsas alətlərdən birinə çevrilə bilər. Bu baxımdan Cənab Prezident tərəfindən müşavirədə qeyd olunan tapşırıqlar, dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər artıq növbəti dövrlərdə istehlak bazarlarında yerli kənd təsərrüfatı məhsullarının payının artmasına və idxaldan asılılığın azalmasına gətirib çıxaracaq”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Fidan Vəlisoy