Bu gün bir sıra sosial şəbəkələrdə Əməkdar artist Mehriban Xanlarovanın yenidən öz işinə bərpa olunması ilə bağlı Dövlət Başçısına müraciəti ünvanlanıb. O etdiyi müraciətdə ərizə yazaraq işdən çıxdığını bildirib və yenidən işə bərpa olunması ilə bağlı Dövlət Başçısından xahiş edib.
Məsələ ilə bağlı Akademik Milli Dram Teatrından Manset.az-a açıqlama verilib. Açıqlamada bildirilib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bir çox sənətkar üçün sadəcə iş yeri deyil, yaradıcılıq taleyinin formalaşdığı, xatirələrin, uğurların və sənət sevgisinin yaşandığı doğma sənət məkanıdır. Uzun illər bu səhnədə fəaliyyət göstərmiş Mehriban Xanlarovanın teatra olan mənəvi bağlılığı və bu sənət ocağına xüsusi münasibəti anlayışla qarşılanır:
"Mehriban Xanlarova əvvəlcə yenidən işlə təmin olunması ilə bağlı müraciət edib. Məhz onun müraciəti nəzərə alınaraq, peşə fəaliyyətini davam etdirməsi məqsədilə digər dövlət teatrlarında iş imkanları, eləcə də Mədəniyyət Nazirliyinin “Teatral Akademiya” layihəsi çərçivəsində gənc aktyorlar üçün ödənişli əsaslarla ustad dərslərinin aparılması təklif edilib.
Lakin o, yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmaq istədiyini bildirərək təqdim olunan alternativ təklifləri qəbul etməyib.
Teatra bərpa olunması ilə bağlı son müraciəti zamanı ona bir daha izah edilib ki, əmək münasibətlərinə xitam onun öz yazılı müraciəti əsasında verilib və hazırda teatrda müvafiq vakant ştat mövcud deyil. Digər dövlət teatrlarında fəaliyyətini davam etdirməsi ilə bağlı təklifi isə o qəbul etməyib. Bununla yanaşı, hazırkı teatr təcrübəsində aktyorların yaradıcılıq fəaliyyətini yalnız daimi ştat vahidləri ilə məhdudlaşdıran hər hansı maneə yoxdur. İstənilən aktyor konkret tamaşa və ya layihəyə üzrə hər hansı teatrla tamaşaya əsasən müqavilə bağlayaraq müxtəlif səhnələrdə çıxış edə bilər. Başqa sözlə, müəyyən rol və pyesə uyğun olaraq aktyorun müxtəlif teatrlarda yaradıcılıq fəaliyyətinə cəlb edilməsi və tamaşalarda iştirakı üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, gələcəkdə teatrın yaradıcılıq planları, repertuar siyasəti və konkret tamaşa layihələri çərçivəsində, yaranacaq zərurət və bədii ehtiyac nəzərə alınmaqla, Mehriban Xanlarovanın Akademik Milli Dram Teatrının ayrı-ayrı layihələrinə hər hansı formada cəlb olunması məsələsinə də baxıla bilər".
Manşet.az