Son günlər sosial şəbəkələrdə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə görüntülər yayılıb. Görüntülərdə sahilin kənarında ləpələnən dənizin təmamilə neftlə çirklənməsi müşahidə olunur. Bu nüans sözügedən ərazidə çimərliyə gedən vətəndaşları olduqca narahat edir.
Məsələ ilə bağlı professor Adil Qeybulla Manset.az-a açıqlamasında bildirib ki, bunun həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi mənfi təsirləri var:

“Böyük ehtimal bu hadisə qəza ilə əlaqədardır. Ola bilər ki, tanker deşilib, yaxud hər hansı texniki nasazlıq baş verib. Neftin bu şəkildə suya qarışmasına gəldikdə isə, təəssüf ki, bunun həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi mənfi təsirləri var. İlk növbədə, neft məhsulları buxarlanaraq havaya yayılır. Digər tərəfdən, suda yaşayan canlıların məhvinə, fauna və floraya ciddi ziyan vurur.
Bu vəziyyət insanlar üçün də təhlükəlidir. Neftin dəri ilə təması və ya tərkibindəki zərərli maddələrin nəfəs yolları vasitəsilə orqanizmə daxil olması sağlamlıq üçün ciddi risk yaradır”.
Professorun sözlərinə görə, xüsusilə, neftin tərkibində olan polisiklik aromatik karbohidrogenlər orqanizmə keçərək müxtəlif intoksikasiyalara, qan xəstəliklərinə və digər ağır sağlamlıq problemlərinə səbəb ola bilər:
“Hesab edirəm ki, həmin ərazi tam təmizlənənə və müvafiq sanitariya normaları bərpa olunana qədər karantin zonası elan edilməlidir. Aidiyyəti dövlət qurumları əhaliyə rəsmi xəbərdarlıq etməli, insanlara həmin ərazidən və sudan istifadə etməmələri tövsiyə olunmalıdır. Bu məhdudiyyətlər yalnız təhlükə tam aradan qaldırıldıqdan və karantin rejimi başa çatdıqdan sonra götürülməlidir”, - deyə Adil Qeybulla əlavə edib.
Fidan Vəlisoy