Teleqraf saytının rəhbəri Camalın qızı Aynurun Manset.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayət icraata qəbul edilib.
Manset.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə Camalın qızı Aynurun şikayətinin icraata götürülməsi barədə qərar qəbul olunub və iş üzrə məhkəmə baxışı təyin edilib. İlk məhkəmə iclası iyunun 29-na müəyyənləşdirilib.
Qeyd edək ki, məhkəmə prosesi bundan əvvəl bir neçə dəfə təxirə salınsa da, şikayətin icraata qəbul olunması barədə qərar bu gün elan edilib.
Bildirək ki, Camalın qızı Aynur Quliyeva uzun illər “Musavat”da fəaliyyət göstərib. Onun Ümummilli lider Heydər Əliyevin səhhətinin ağır olduğu dövrdə səsləndirdiyi “Heydər Əliyevin ölüm xəbərini gətirənə nişan üzüyümü bağışlayacam” fikri dillər əzbəridir. Məhkəməyə təqdim edilən belə bir əsassız iddianın heç bir fakta söykənmədən hakim Fuad Axundov tərəfindən icraata götürülməsi ciddi suallar doğurur.
Xatırladaq ki, Aynur Camal rəhbəri olduğu saytlarda Manset.az xəbər portalının istehsalı olan özəl xəbərləri istinadsız yayımlayıb. Bu barədə ona dəfələrlə xəbərdarlıq edilsə də, həmin addımlarını yenə davam etdirib. Bütün bu hadisələr fonunda həm saytın özəl xəbərlərini istinadsız yayımlaması, həm də portalın baş redaktoru Əli Vəliyevi məhkəməyə verməsi onun “peşəkar” fəaliyyətindən xəbər verir.
Əli Vəliyev