Xəbər verdiyimiz kimi, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin matçlarına start verilib. Müxtəlif ölkələrin yığma komandaları arasında keçirilən DÇ-2026-nın davam etdiyi bu günlərdə futbolsevərləri maraqlandıran tək sual var: Dünya çempionatının qalibi hansı komanda olacaq?
Manset.az bununla bağlı ictimai, siyasi və idman sahəsində tanınmış şəxslərlə həmsöhbət olub. Çempionatın son nəticəsi ilə bağlı fikirlər belədir:
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa DÇ-2026-nı Argentina yığma komandasının qalib olaraq yekunlaşdıracağını düşünür:

“Hər halda bu çempionatda qalib gəlmə şansı yüksək olan komandalardan biri Argentinadır. Çünki sistem komandası yarada biliblər, təkcə Messi üzərində oyun qurulmayıb. Messi faktoru da önəmli faktordur. Messi ən azı bir cərimə zərbəsi ilə məsələni həll edə biləcək imkana malik bir futbolçudur. Bütün hallarda güclü komandalar çoxdur, daha çox Argentinanın qalib olma şansı olduğunu düşünürəm”.
Milli Məclisin deputatı Vüqar Bayramov isə qalibiyyət sırasında ilk yerdə İspaniyanın qərarlaşacağını bildirib:

“Dünya Çempionatında azarkeşlik etdiyim komandalar Türkiyə və Özbəkistan olsa da, təəssüf ki, hər iki komanda qrup mərhələsində uğursuz nəticələr göstərdi. Amma düşünürəm ki, öncədən aparılan qiymətləndirilmələr və eləcə də qrup mərhələsində oyunların təhlili göstərir ki, bir neçə komandanın çempion olmaq imkanları, şansları daha yüksəkdir. Təbii ki, sürprizlər istisna deyil. Mənim üçün favorit komanda İspaniyadır. Bununla belə Fransa və Argentinanın da imkanlarını yüksək qiymətləndirirəm. Güman edirəm ki, xüsusən də oyunçuların peşəkarlığı baxımından İspaniya və Fransa fərqlənən komandalardandır. Sözsüz ki, qeyd etmək lazımdır ki, dünya çempionatında bir sıra hallarda biz istisnalarla qarşılaşırıq. Hazırki çempionatda kifayət qədər potensiallı komandalar var, onların sayı az deyil”.
Telejurnalist, idman aparıcısı Ceyhun Rzayevin sözlərinə görə, tək real qalib məhz Fransa yığmasıdır:

“Mənim favoritim Fransa millisidir. Fransa millisi həqiqətən də, çox güclü futbolçulardan təşkil olunmuş komandadır. Xüsusən də, yaradıcı futbolçulara biz nəzər salsaq, görərik ki, komandada qarşısıalınmaz futbolçular var - Mbappe, Olise, Dembele, Due və s. Bu baxımdan fikirləşirəm ki, Fransa millisi Dünya Çempionatı - 2026-nın qalibi olacaq”.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxəbər.com-un baş redaktoru Hacıbəy Heydərli isə dünya çempionunun əsas üç favorit ölkədən biri olacağını düşünür:
“Dünya Çempionatı çox maraqlı şəkildə davam edir. Demək olar ki, favoritlərin hər biri növbəti mərhələyə vəsiqə qazanıb. Bu da artıq 1/8 və 1/4 final, eyni zamanda yarımfinal oyunlarında daha maraqlı mübarizənin bizi gözlədiyinin göstəricisidir. Hazırki komandaların potensialına nəzər saldıqda, görürük ki, bütün favorit ölkələr dünya çempionluğuna iddialıdırlar. Mən isə düşünürəm ki, Fransa yığması gözləntiləri doğrultdu və çox rahat şəkildə növbəti mərhələyə vəsiqə qazanması, böyük hesablı qələbələri bunu deməyə əsas verir ki, əvvəldən gözlənildiyi kimi də, Fransa yığması hazırda da əsas favorit ölkədir. Bundan başqa sürpriz ola biləcək ölkələr də var. Məsələn, Mərakeş çox gözəl oyun nümayiş etdirir. Düşünürəm ki, mümkün qədər irəliləmək şansları var. Eyni zamanda Argentina komandasının da yarımfinala qədər irəliləyəcəyini gözləyirəm. Həmçinin digər ölkələrdən İngiltərə də mənə görə favoritdir. Fikrimcə, dünya çempionu əsas favoritlərdən - Fransa, İngiltərə və İspaniya milli komandalarından biri olacaq”.
Əməkdar artist Vasif Məhərrəmli hər nə qədər favoriti olmasa da, Fransa komandasının qalibiyyəti əldə edəcəyini deyir:

“Bunu əvvəlcədən demək çox çətindir. 3 komanda real favorit və namizəddir. Hər nə qədər mən bunu istəməsəm də, bunlardan biri Fransadır. Azarkeşlik etdiyim komandalardan isə qalib olmağa ən yaxın İspaniya və Argentinadır. Başqa heç bir komadanı qalib olaraq görmürəm. Bu gün üçün bu 3 komandadan ən real namizəd isə Fransadır. Amma mən İspaniyanın çempion olmasını istərdim”.
Qol.az saytının redaktoru Ramiq Ağaməmmədov isə qeyd edib ki, Fransa milli yığmasını ilkin namizəd olaraq görsə də, sürprizlərin ola biləcəyi istisna deyil:

“İlk 3 tura - qrup mərhələsinin oyunlarına görə, nəticələr baxımından Fransanı ilkin namizəd və favorit kimi görürəm. Fransa yığmasının balanslı heyəti var, ayrı-ayrılıqda oyunçuları da güclüdür və komanda şəklində də yaxşı performans göstərirlər. Bundan başqa digər potensiallı komanda olaraq Argentinanın adını çəkə bilərəm. Lakin müqayisədə Fransa yenə də öndədir. Eləcə də İspaniyanın favotirlər sırasında adını çəkmək olar. Oyun performansları yüksəkdir. Qol buraxmırlar və etibarlı oyun nümayiş etdirirlər, nəticəyə oynaya bilirlər. Braziliya yığmasını da yaddan çıxarmaq olmaz. Eyni zamanda gizli favoritlərdən Niderland, Meksika, Kolumbiyanı da qeyd edə bilərəm. Bu komandalardan sürpriz nəticə gözləmək olar”.
Fidan Vəlisoy