logo
logo logo
logo

Palma yağı zərərsizdir? - AQTA sədrinin fikrinə CAVAB

13:24 - 02 İyul 2026

Palma yağı zərərsizdir? - AQTA sədrinin fikrinə CAVAB

“Palma yağı bazarda digər yağları sıxışdırdığı üçün “zərərlidir” mifi yaradılır. Əslində, o da digər yağlar kimi faydalı yağdır”.

 

Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu günlərdə verdiyi açıqlamaların birində səsləndirib. Agentlik sədrinin dediklərinin illərdir cəmiyyətə aşılanan fikrin tam əksini iddia etməsi birmənalı qarşılanmayıb. Səsləndirilən fikirlər müzakirələrə səbəb olub.  

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Manset.az-a açıqlamasında bildirib ki, palma yağı ilə bağlı hər zaman ziddiyyətli fikirlər mövcuddur. Burada əsas məqam onun hansı formada istehlak olunması və miqdarıdır:


“Daha az emal olunmuş, palmanın meyvəsindən əldə edilən qırmızı palma yağı A vitamini və karotinoidlərlə zəngindir. Rafinə olunmuş palma yağında isə emal prosesi nəticəsində rəng, qoxu və dad azalır, qida sənayesində isə uzun saxlama müddəti və münasib qiyməti səbəbindən geniş istifadə edilir. Palma yağı birbaşa zərərli hesab edilmir. Lakin tərkibində təxminən 50 faiz doymuş yağ turşuları olduğundan, onun həddindən artıq və müntəzəm qəbulu LDL (“pis”) xolesterinin səviyyəsini artıra və ürək-damar xəstəlikləri riskini yüksəldə bilər. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı doymuş yağların ümumi enerji qəbulunun 10 faizindən az olmasını tövsiyə edir. Palma yağı da bu qrupa daxildir və normadan artıq istehlak edilməməlidir. Bundan əlavə, bəzi ölkələr sağlamlıq və xüsusilə ekoloji səbəblərlə palma yağının istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq edir, davamlı istehsal standartlarını təşviq edir və ya məhsulların etiketlənməsini məcburi edir. Bu yanaşmanın əsas məqsədlərindən biri də tropik meşələrin qırılmasının və biomüxtəlifliyin azalmasının qarşısını almaqdır”.

Mütəxəssis qeyd edib ki, ekoloji səbəblərlə bəzi ölkələr palma yağının istehsalı və istifadəsi ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq edir və ya davamlı istehsal standartlarını təşviq edir. Bunun əsas səbəblərindən biri palma plantasiyalarının genişləndirilməsi nəticəsində tropik meşələrin qırılması və biomüxtəlifliyə mənfi təsirin qarşısını almaqdır:

“Bəzi məhsulların, xüsusilə, uşaq qidalarının, şokolad və şirniyyatların üzərində “palma yağı yoxdur” qeydinin verilməsi istehlakçı seçiminə yönəlib. Lakin bu ifadə həmin məhsulun avtomatik olaraq daha sağlam olması demək deyil. Məhsulun keyfiyyəti və sağlamlığı onun ümumi tərkibindən, istifadə olunan yağın növündən, şəkər və duz miqdarından, eləcə də qida dəyərindən asılıdır.

Palma yağı təxminən 50 faiz doymuş, 50 faiz isə doymamış yağ turşularından ibarətdir. 100 qram palma yağında təxminən 49–52 qram doymuş yağ olur. Buna görə də onun həddindən artıq və müntəzəm istifadəsi tövsiyə edilmir. Sağlam qidalanmada əsas məqsəd palma yağını tamamilə qadağan etmək deyil, ümumilikdə doymuş yağların qəbulunu məhdudlaşdırmaqdır. Fast food və yüksək dərəcədə emal olunmuş qidaları tez-tez istehlak edən insanlar artıq doymuş yağ qəbul etdikləri üçün ürək-damar xəstəlikləri riskini artıra bilərlər.

Balanslı qidalanma çərçivəsində palma yağı olan məhsulların arabir və ölçülü şəkildə istehlakı əksər sağlam insanlar üçün problem yaratmır. Bununla yanaşı, gündəlik qidalanmada bitki mənşəli doymamış yağlarla, məsələn zeytun, günəbaxan və ya kanola yağları ilə zəngin qidalanmaya üstünlük verilməsi daha məqsədəuyğundur”.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az