Son günlər həm dünyanın müxtəlif ölkələrində, həm də Azərbaycanda qeydə alınan zəlzələlər cəmiyyətdə narahatlığı artırıb. Ölkə ərazisində baş verən yeraltı təkanlar zəif olsa da, dünyanın müxtəlif bölgələrində dağıdıcı zəlzələlərin ard-arda baş verməsi diqqət çəkir. Bəs dünyada artan seysmik aktivlik Azərbaycana da təsir göstərə bilərmi? Ölkəmizdə güclü və dağıdıcı zəlzələnin baş vermə ehtimalı nə qədərdir?
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Manset.az-a açıqlamasında bildirib ki, məhz bu gün Azərbaycanda təxminən 7 təkan qeydə alınıb:
“Azərbaycanda zəlzələ hər gün baş verir. Bu gün 7 təkan qeydə alınıb. Demək olar ki, elə gün olmur ki, Azərbaycanda zəlzələ olmasın. Biz 6 aylıq hesabatlar veririk, təxminən 5 minə kimi təkan olduğu bildirilir. Bu o deməkdir ki, hər gün zəlzələ olur. Əksəriyyətinin maqnitudası isə 5-dən aşağıdır. Həmin təkanlar 1-2 ballıq təkanlardır. Lakin bu yaxınlarda dağıdıcı zəlzələ olması ehtimalı yoxdur. Hazırda Azərbaycandakı seysmogen zonalarda ocaqlar "foll" səviyyəsindədir. Yəni yaxın zamanlarda dağıdıcı və katostrafik zəlzələlər gözlənilmir”.
Seysmoloq bu günlərdə dünyada baş verən dağıdıcı zəlzələlərin Azərbaycanda seysmik aktivliyi artırması ehtimalından danışıb:
“Dünyada - Venesuela, Əfqanıstan və s. ölkələrdə baş verən zəlzələlərin Azərbaycana aidiyyatı yoxdur. Region etibarı ilə həmin ərazilərdə baş verən zəlzələlər dərinlik qırılmaları ilə əlaqədardır. Həm seysmotektonik quruluş cəhətdən, həm seysmogen zonaların dərinlik quruluşu cəhətdən fərqli regionlardır və heç cürə Azərbaycan üçün onların təsiri yoxdur. Azərbaycan ərazisində olan zəlzələ ocaqlarını həmin zəlzələrin oyatmaq ehtimalı yoxdur”, - deyə Q.Yetirmişli fikirlərinə əlavə edib.
Fidan Vəlisoy