logo
logo logo
logo

Uşağı məktəbə yola salmaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

09:26 - 21 Avqust 2026

Uşağı məktəbə yola salmaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca valideynlərin məktəb hazırlığı ilə bağlı xərcləri də gündəmə gəlir. Xüsusilə birinci sinfə gedən uşaqlar üçün bu siyahıya əlavə xərclər də daxil olur. Bəs bu il məktəb alış-verişi valideynlərə neçəyə başa gələcək? 


Manset.az məktəbə hazırlıq üçün lazım olan əsas məhsulların qiymətlərini araşdırıb. Nəticələr göstərir ki, uşağın məktəbə hazırlanması üçün xərclər seçilən məhsulun qiyməti və keyfiyyətindən asılı olaraq dəyişir.

Məktəb alış-verişinin əsas hissəsini dəftərxana ləvazimatları, məktəbli geyimi, çanta və ayaqqabı təşkil edir. Hazırkı qiymətlərə görə 12 vərəqli dəftər 0,30, 40 vərəqli 0,45, 60 vərəqli 0,90, 100 vərəqli isə 0,95 manatdır.

Sadə qələmlər 0,15–1,10, karandaşlar 0,15–0,80, rəngli karandaşlar 1,50–8, flomasterlər isə 1–15 manat arasında dəyişir. Qələmqabı 2–20, rəsm albomu 1,40–3, çanta isə təxminən 20–80 manat aralığındadır.

Məktəbli geyimlərində də qiymətlər məhsuldan asılı olaraq dəyişir. Təqdim olunan qiymətlərə əsasən məktəbli koftası 14 manat, oğlan şalvarı 26–29 manat, qız şalvarı 28–29 manat, məktəbli ətəyi 22–23 manat, jaket isə 22–24 manatdır.

Beləliklə, yalnız kofta, şalvar və jaket alan oğlan üçün geyim xərci 64–69 manat, qız üçün isə kofta, ətək və jaket birlikdə 60–63 manat təşkil edir.

Bakı daxilində qiymətlər satış nöqtəsinə görə də dəyişə bilir. Xüsusilə şəhərin mərkəzi ilə kənar ərazilərdə eyni məhsulların qiymətlərində fərq müşahidə olunur. Məhsulların qiyməti onların keyfiyyəti, markası və satıldığı yerdən asılı olaraq dəyişir.

Məktəbə ilk dəfə qədəm qoyan uşaqlar üçün xərclər yalnız geyim və ləvazimatlarla yekunlaşmır. Son illərdə birinci sinfə başlayan uşaqlar üçün fotosessiya etdirmək də dəbə çevrilib. Valideynlər övladlarının bu xüsusi günü yadda saxlamaq üçün müxtəlif fotosessiya paketlərinə müraciət edirlər.

Fotosessiyanın qiyməti seçilən məkan, çəkilişin müddəti, fotoqrafın xidməti və paketə daxil olan xidmətlərdən asılı olaraq dəyişir. Hazırda bu cür çəkilişlərin qiyməti 30–40 manatdan başlayaraq 250–300 manatadək yüksələ bilir.

Beləliklə, bir uşağın məktəbə hazırlığı üçün təxminən 250–300 manat vəsait lazım ola bilər. 

Nəticə etibarilə, məktəb alış-verişində vahid qiymət yoxdur. Valideynin ödəyəcəyi məbləğ seçilən geyim, çanta və dəftərxana ləvazimatlarının keyfiyyətindən, alış-veriş edilən yerdən və əlavə xidmətlərdən asılıdır. Daha qənaətli seçimlərlə xərcləri azaltmaq mümkün olsa da, məktəbə hazırlıq ailə büdcəsindən kifayət qədər vəsait tələb edir.


Zəhra Süleymanova


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az