“Etik qaydaları gözləyərək bu vaxta qədər sizinlə polemikaya girmədim. İndi də sizə yox, birbaşa Əli İsaya sual ünvanlayıram.”
Manset.az xəbər verir ki, bu sözləri aktyor Rza Drakon Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) baş verən proseslərlə bağlı fikirlərini bölüşərkən bildirib. O, Əli İsa Cabbarov və onun tərəfdarlarının ittifaqdakı fəaliyyəti ilə bağlı sərt mövqe ifadə edib, onları açıq debata çağırıb:
"Eldəniz müəllim, məni yaxından tanıyanlar bilir ki, mən sübordinasiya qaydalarını ən yüksək səviyyədə gözləyən, böyük-kiçik yerini bilən adamam.Siz neçə vaxtdır ki, Əli İsa Cabbarovu və onun AKİ-də yaratdığı briqadanı müdafiə edirsiniz. Etik qaydaları gözləyərək bu vaxta qədər sizinlə polemikaya girmədim. İndi də sizə yox, birbaşa Əli İsaya sual ünvanlayıram. Onu və briqadasını istənilən verilişdə, canlı yayımda fikir mübadiləsinə, açıq debata dəvət edirəm!" – deyə Rza Drakon bildirib.Aktyor daha sonra Əli İsa Cabbarov və tərəfdarlarına müraciət edərək, Rasim Balayevlə Şəfiqə Məmmədovanın yaş və səhhətinin niyə fərqli qiymətləndirildiyini soruşub:
“Rasim Balayevin də müəyyən yaşı var idi, sağlamlığında da ciddi problemlər mövcud idi. Sədr seçiləndə də yaxşı yeriyə bilmirdi, sədr seçiləndən sonra da səhhəti ilə bağlı işə gəlmədiyi vaxtlar olurdu, daha çox sağlamlığı ilə məşğul idi.
Niyə Rasim Balayevin yaşını və sağlamlığını sədr olmaması üçün arqumentə çevirmədiniz, əliniz üstündə onu sədr seçdiniz?! Amma Şəfiqə xanımın sədr olmaması üçün iki əsas arqument gətirirsiniz: yaşını və sağlamlığını…
Bu fərqin səbəbi nədir?
Siz deməyəcəksiniz, bilirəm, mən deyim:Çünki Rasim Balayevin nə dərin kino biliyi var idi, nə də idarəçilik qabiliyyəti. Onun üzərindən AKİ-ni siz və tərəfdarlarınız idarə edirdiniz. Amma Rasim Balayevdən fərqli olaraq, Şəfiqə Məmmədovanın dərin kino biliyi və istənilən qədər idarəçilik təcrübəsi var. Sizi və dəstənizi qorxuya salan da məhz budur! Bilirsiniz ki, Şəfiqə xanım sədr olsa, kələkləriniz, şəbəkəniz işləməyəcək — işləmədi də!".O, Əli İsa Cabbarov və tərəfdarlarını AKİ-dən getməyə çağırıb:
“Üzü sulu dəstənizi də götürün, AKİ-ni tərk edin! Bu “dava-dava” oyununu bitirin artıq!
İmkan verin, AKİ-ni “kino çəkənlər” yox, kinonu çəkənlər idarə etsin!
AKİ statusunu mənasız yerə böyüdüb kino sahəsindəki problemləri ört-basdır etmək yolundan əl çəkin!
İmkan verin, bundan sonra AKİ öz statusuna uyğun fəaliyyət göstərsin!” – deyə aktyor fikirlərini bildirib.