“Azərbaycan və Türkiyə uzun illərdir strateji müttəfiqdir. Ayrı-ayrı şəxslərin və qrupların mövqeyini bütövlükdə Türkiyə cəmiyyətinin Azərbaycana münasibəti kimi təqdim etmək düzgün olmaz. Hər bir dövlətin öz suverenliyini, konstitusiya quruluşunu və daxili siyasətini qorumaq hüququ var”.
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev Türkiyədə Azərbaycan əleyhinə səsləndirilən fikirləri və sosial şəbəkələrdə yayılan məlumatları şərh edərkən bildirib. Deputat qeyd edib ki, Türkiyədə Azərbaycan əleyhinə səslənən fikirləri və sosial şəbəkələrdə yayılan məlumatları bir neçə istiqamətdə qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, burada konkret siyasi qrupların mövqeyi, ideoloji yanaşmalar və informasiya manipulyasiyası cəhdləri fərqləndirilməlidir.
“Eyni zamanda, sosial şəbəkələrdə koordinasiyalı informasiya kampaniyalarının aparılması ilə bağlı rəsmi qurumların açıqlamaları da diqqətdən kənarda qalmamalıdır. Bu kampaniyaların arxasında hansı qüvvələrin dayandığı barədə yekun nəticə isə konkret faktlara və araşdırmalara əsaslanmalıdır.
Türkiyə ilə strateji tərəfdaşlıq da qarşılıqlı hörmət və suverenliyə ehtiram prinsiplərinə əsaslanır. Şuşa Bəyannaməsində də dövlətlərin müstəqilliyi, suverenliyi və daxili işlərinə qarışmamaq prinsipləri təsbit olunub. Buna görə də hansısa qərarla bağlı fikir ayrılığı yarandıqda, məsələnin təzyiq və ittihamlar vasitəsilə deyil, qarşılıqlı hörmət və dialoq yolu ilə müzakirəsi daha məqsədəuyğundur. Hər bir konkret qərarın zəruriliyi isə onun hüquqi əsasları, məqsədi və tətbiq mexanizmləri əsasında qiymətləndirilməlidir”.
R.Nurullayev Türkiyədə Azərbaycana qarşı sərt ritorikanın cəmiyyətdəki ideoloji və siyasi fikir ayrılıqlarının müəyyən hissəsini üzə çıxardığını bildirib.
“Dini dəyərlər, dünyəvilik, milli kimlik və dövlətin cəmiyyətdəki rolu ilə bağlı yanaşmalar müxtəlifdir. Lakin ayrı-ayrı siyasi çıxışlardan çıxış edərək bütün Türkiyə cəmiyyətində milli kimliyin dəyişdiyini söyləmək doğru olmaz. Türkiyə böyük və rəngarəng cəmiyyətə malikdir, orada müxtəlif dünyagörüşləri və siyasi mövqelər mövcuddur.
“Ərəbləşmə” və “mollalaşma” kimi ifadələrə də ehtiyatla yanaşmaq lazımdır. Burada söhbət konkret olaraq hansı meyillərdən gedir: dini dəyərlərin ictimai həyatda rolunun artmasından, xarici mədəni təsirlərdən, yoxsa siyasi islamçılığın güclənməsindən? Bunlar bir-birindən fərqli məsələlərdir. Dini dəyərlərə bağlılıq özlüyündə milli kimliyə təhlükə demək deyil. Eyni zamanda, hər hansı dini və ya ideoloji baxışın cəmiyyətə məcburi şəkildə qəbul etdirilməsi, milli-mədəni müxtəlifliyin məhdudlaşdırılması və dünyəvi dövlət prinsiplərinin zəifləməsi müzakirə edilməli məsələlərdir.
İnanıram ki, Azərbaycan və Türkiyə münasibətlərində əsas məsələ ayrı-ayrı şəxslərin emosional açıqlamalarına deyil, dövlətlərarası münasibətlərin möhkəm təməlinə söykənməkdir. İki ölkənin dostluğu və müttəfiqliyi qarşılıqlı hörmət, suverenliyə ehtiram və ortaq maraqlar üzərində qurulub. Mövcud fikir ayrılıqlarının da bu prinsiplər çərçivəsində, təmkinli və konstruktiv yanaşma ilə aradan qaldırılması hər iki tərəfin maraqlarına uyğundur”, – deyə deputat əlavə edib.
Fidan Vəlisoy