"Özünə aşırı dərəcədə əməliyyat elətdirmiş, botokslu, gözünü dəyişdirmiş, dodağını dolğunlaşdırmış xanımların əksəriyyəti 5 saniyədən çox özlərinə güzgüdə baxa bilmirlər. Özü deyil deyə. O, içəridə başqa birini görür".
Manset.az xəbər verir ki, bu sözləri psixoloq Ramidə Oqtay qızı qonaq olduğu verilişdə səsləndirib. Aparıcı Zümrüd Rüstəmova ilə müzakirə zamanı psixoloq estetik əməliyyatlara meylin arxasında duran psixoloji səbəblərdən danışıb. Verilişdə dismorfomaniya, özünə inamsızlığın yaranma səbəbləri, uşaqlıq travmalarının insan həyatına təsiri, eləcə də sosial şəbəkələrin gözəllik standartlarını diktə etməsi kimi mövzulara toxunulub. Ramidə Oqtay qızının sözlərinə görə, estetik müdaxilələrə həddindən artıq meyl edən insanların daxili dünyasında ciddi ziddiyyətlər yaranır:
“Özü deyil deyə, güzgüdə başqa birini görür. Onun içərisində uşaqlıqdan qalan, saf və dəyişməmiş bir ‘mən’ var və o, insanın özünə baxmasına imkan vermir. İnsanlar isə bunun fərqində olmur”.
Psixoloq həmçinin qeyd edib ki, bədənə edilən həddindən artıq müdaxilələrin sağlamlığa da mənfi təsirləri ola bilər:
“Bədəndə müəyyən çürümə prosesləri başlayır. Neyronlara müdaxilə olunur. Halbuki neyronlar insan həyatını təmin edən əsas mexanizmlərdir. Bu gün xəstəliklərin, o cümlədən onkoloji problemlərin artması da ümumi müdaxilələrin nəticəsidir – həm qidalanmaya, həm də həyat tərzinə”.
Müzakirədə estetik əməliyyatların artan populyarlığının görünməyən tərəfləri və bunun insan psixologiyasına təsiri xüsusi vurğulanıb.