Bakının simvollarından sayılan Dənizkənarı Milli Parkda ziyarətçilər üçün yeni istirahət xidməti istifadəyə verilib. Vaxtilə şəhər küçələrinin ayrılmaz hissəsi olan fayton ənənəsi bu dəfə müasir texnologiyanın imkanları ilə yenidən canlandırılıb. Elektrik mühərriki ilə çalışan retro üslublu faytonlar artıq Bulvar ərazisində sərnişinlərin ixtiyarındadır.

Manset.az xəbər verir ki, xarici görünüşü ilə klassik faytonları xatırladan nəqliyyat vasitələri xüsusi müəyyən edilmiş tarixi marşrut üzrə hərəkət edir. Bu marşrut Dənizkənarı Milli Parkın ən məşhur və tarixi əhəmiyyət daşıyan məkanlarını əhatə etdiyindən, sərnişinlər gəzinti zamanı Bulvarın keçmişi və bu gününü fərqli baxış bucağından izləmək imkanı qazanırlar. Belə ki, marşrut xətti “Azneft dairəsi-Star Park-Azneft dairəsi” istiqamətində təşkil olunub. Layihənin əsas məqsədi şəhərin tarixi irsini müasir texnologiyalarla uzlaşdırmaq, nostalji ab-havanı isə rahat və komfortlu səyahətlə bir araya gətirməkdir.

Gəzinti yalnız mənzərələrlə kifayətlənmir. Layihə çərçivəsində Dənizkənarı Bulvar İdarəsinin ixtisaslaşmış bələdçiləri həm yerli sakinlərə, həm də xarici turistlərə Bulvarın tarixi, memarlıq irsi və burada yerləşən görməli məkanlar barədə ətraflı məlumat təqdim edirlər. Beləliklə, fayton səyahəti eyni zamanda maarifləndirici ekskursiyaya çevrilir.

Elektrik mühərrikli retro faytonların istifadəyə verilməsi Dənizkənarı Milli Parkda göstərilən xidmətlərin daha da genişləndirilməsinə xidmət edir. Eyni zamanda bu təşəbbüs ekoloji cəhətdən dayanıqlı nəqliyyat vasitələrinin təşviqi və müasir şəhər mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi hesab olunur.

Retro faytonla gəzintinin qiyməti 40 AZN təşkil edir. Bu məbləğə 4 böyük və 2 uşaq olmaqla, ümumilikdə, 6 sərnişinin səfəri daxildir. Gəzintinin sonunda isə ziyarətçilərə xüsusi sürpriz təqdim olunur. Onların şəkli retro qəzet formatında hazırlanaraq xatirə hədiyyəsi kimi təqdim edilir və bu da səyahətin yadda qalan məqamlarından birinə çevrilir.
Fidan Vəlisoy