Heydər Əliyev dühası və milli-mədəni irsimiz

17:36 - 12 Dekabr 2025

Heydər Əliyev dühası və milli-mədəni  irsimiz

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".


Bu ifadələr Azərbaycan xalqının Ümummilli lideri, dünya miqyaslı siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevə məxsusdur. Onun  bu kəlamı onun  hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşmasının bariz nümunəsidir.

Bu bir danılmaz faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər çox yaxşı bilirdi ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Ulu öndər Azərbaycan dilinin zənginliyinə yüksək qiymət verərək deyirdi: "Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, Ana dilimiz həddindən artıq əzizdir. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçib. Bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir".

Böyük şair Səməd Vurğunun”Azərbaycan” şeirindəki doğmalığı, sözlərlə ruhun vəhdətinin həmahəngliyini mənəvi dəyər olaraq öz ruhuna hopduran Ulu öndər elə bu səbəbdəndir ki,  dilimizi yaşadan, onları bədii təsvirə gətirən xüsusi istedad sahibləri,  şair və yazıçılarla görüşü, onları dinləməsi, sosial durumları ilə yaxından maraqlanması əlbəttə ki, o ruh adamlarına böyük stimul verirdi.

Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir.  Sağlam cəmiyyət quruculuğunun yeganə təminatı mədəniyyətə, incəsənətə diqqəti artırmaq,  milli-mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Ulu öndər hər zaman rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlayıb.  Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz, teatrımız da, kino sənətimiz də, də bugünkü inkişafında Ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Həmçinin müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan dəyərlərin yenidən Ulu Öndər tərəfindən  gündəmə gətirilməsi milli ruhun oyanmasına zəmin yaratdı. Bakıda və  respublikanın digər şəhərlərində xalqın ədəbiyyat və mədəniyyət xadimlərinə ucaldılan çoxsaylı heykəllər tarixi zənginliyimizi qoruyub gələcək nəslə ötürülməsində müstəsna xidmətdir.

Elə 1981-ci ildə Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin cənazəsinin Sibirdən Naxçıvana - anadan olduğu yerə gətirilərək  dəfn edilməsi  qərarı və bu qərarın həyata keçirilməsi Azərbaycan ədəbi mühitinə, o cümlədən bütün Azərbaycan tarixində atılan ən mühüm addım oldu. 10 iyun 1995-ci il Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədəki çıxışında bildirir ki, “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək”.

“Təsviri sənət xalqın tarixinin bədii salnaməsi olmalıdır. Bizim çox zəngin tariximiz tələb edir ki, o dərindən, yaradıcılıqla dərk edilsin, təsviri sənətdə öz əksini tapsın”. Bu sözlər Heydər Əliyevin 1982-ci il oktyabrın 13-də, Azərbaycan rəssamlarının IX qurultayından sonra Rəssamlar İttifaqı İdarə heyətinin üzvləri, tanınmış təsviri sənət ustaları ilə görüşündə çıxış edərkən səsləndirilib. Hər zaman mütəmadi şəkildə təsviri sənət nümayəndələrinə öz diqqət və qayğısını əsirgıməyən Ulu Öndər bu sahədə sağlam yaradıcı mühitin formalaşması üçün sənətkarların hər biri ilə xüsusi ilə maraqlanar və onlara öz tövsiyələrini əsirgəməzdi.

Heydər Əliyev musiqini dərindən sevən bir şəxs idi, bu səbəbdən də musiqiçilərlə dostluq edir, onlara və musiqi mədəniyyətinə daim böyük hörmət və ehtiram göstərirdi. O,  xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə bu cür əvəzsiz xidmətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır.

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir” söyləyən Müasir Azərbaycan tarixinin memarı Ümummilli lider, dünya miqyaslı siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi ürəklərdə yaşamaqla yanaşı  sənət əsərlərində də əbədiləşərək tarixin yaddaşında qalacaq. Onun ömür yolu hələ neçə-neçə sənət əsərlərinə qanad verəcək, neçə-neçə  incəsənət nümunələrində Heydər Əliyevin şəxsiyyəti canlanacaq.

Fəxriyyə Lilpar İsayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az