"Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan tarixində milli birliyin,
dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin ən parlaq ifadəsidir.
Bu əlamətdar gün xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi
formalaşaraq, zaman keçdikcə ümummilli həmrəyliyin rəmzinə çevrilib. Ümummilli
Lider Heydər Əliyevin vurğuladığı kimi, bu bayram qədim və zəngin tarixə malik
Azərbaycan xalqının dirçəlişini, milli birliyini və müstəqil dövlətçilik
uğrunda səfərbərliyini ifadə edən mühüm ideoloji dəyər daşıyır".
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.
Millət vəkili vurğulayıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi təsis edilməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:
"Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən
iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd
olunması barədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müraciəti əsasında
dekabrın 25-də Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası dekabrın
31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul
edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Bu qərar
yalnız təqvim hadisəsi deyil, eyni zamanda, milli ideologiyanın və gələcək
diaspor siyasətinin strateji əsasını təşkil edən mühüm siyasi addım idi.
Dünya
azərbaycanlılarının milli birliyinin ideoloqu, təşkilatçısı və təbliğatçısı
olan Ulu Öndər Heydər Əliyev diaspor məsələsini dövlət siyasətinin prioritet
istiqamətinə çevirib. Xarici səfərləri zamanı dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızla görüşlər keçirən Ümummilli Lider onların problem və
qayğıları ilə yaxından maraqlanır, təşkilatlanma və ideoloji həmrəylik üçün
mühüm tövsiyələr verirdi. Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm və bu gün də
fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir soydaşımız üçün milli
qürur və mənəvi dayaq rəmzinə çevrilib".
O diqqətə çatdırıb ki, 2001-ci il noyabrın 9-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı diaspor hərəkatında yeni mərhələnin başlanğıcı oldu:
Bu qurultaydan sonra 2002-ci ildə
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
yaradılması, eləcə də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti
haqqında” Qanunun qəbul edilməsi milli birliyin institusional əsaslarını
möhkəmləndirdi. Sonrakı illərdə keçirilən qurultaylar, xüsusilə 2022-ci ildə
Şuşada baş tutan Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı dünya
azərbaycanlılarının həmrəyliyinin yeni tarixi mərhələsini təsdiqləyir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu qurultayın məhz azad Şuşada
keçirilməsi tarixi ədalətin və milli iradənin təntənəsi idi.
Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu diaspor
siyasətini müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirir. Dövlət
başçısı bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür,
onların fəaliyyətini dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm amil
kimi dəyərləndirir. Onun təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılması, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis edilməsi, “Diaspor fəaliyyətində
xidmətə görə” medalının təsis edilməsi bu sahəyə verilən yüksək siyasi diqqətin
göstəricisidir. Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün 51 ölkəni əhatə
edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15 Koordinasiya Şurası, 20
ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdə yeni
icma və birliklərinin təsis edilməsi çağdaş diaspor quruculuğu işinin uğuru
kimi qiymətləndirilə bilər".
V.Qafarov həmçinin əlavə edib ki, Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, antiterror əməliyyatı, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya gətirdi, onları bir yumruq halında daha sıx birləşdirdi:
"Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünya
ictimaiyyətinə çatdırılmasında fəallıq göstərərək Qələbəmizə layiqli töhfələr
verdilər. “Dəmir yumruq” bu gün təkcə hərbi gücün deyil, eyni zamanda ümummilli
birliyin rəmzinə çevrilib.
31
Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycançılıq
ideologiyası və güclü dövlət anlayışının təcəssümüdür. Bu bayram harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vahid Vətən – müstəqil
Azərbaycan ətrafında birləşdiyini dünyaya bəyan edir. Güclü dövlət, güclü
diaspor və sarsılmaz milli həmrəylik Azərbaycan xalqının bu gününün və
gələcəyinin əsas təminatıdır".