"20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir"

09:22 - 20 Yanvar 2026

\"20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir\"

Azərbaycan xalqının XX əsr tarixində ən faciəli və eyni zamanda ən şərəfli səhifələrindən biri 20 Yanvar faciəsidir. Bu qanlı hadisə yalnız günahsız insanların qətlə yetirilməsi ilə deyil, həm də xalqımızın azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin zirvə nöqtəsi kimi tarixə həkk olunub.


20 Yanvar faciəsinin üzərindən 36 il keçməsinə baxmayaraq, bu hadisə xalqın yaddaşında silinməz iz buraxıb, milli şüurun formalaşmasında həlledici rol oynayıb.

1990-cı il 20 yanvar faciəsinə aparan yol 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdləri və erməni millətçi dairələrinin açıq separatçı fəaliyyətləri ilə müşayiət olundu. Gərginliyin artmasına baxmayaraq, Sovet İttifaqının rəhbərliyi vəziyyəti sabitləşdirmək, dinc əhalinin təhlükəsizliyini təmin etmək əvəzinə, Azərbaycan xalqına qarşı misli görünməmiş və əvvəlcədən planlaşdırılmış hərbi cinayət törətdi.

20 Yanvar hadisələri insanlıq əleyhinə yönəlmiş, məqsədyönlü və planlı şəkildə həyata keçirilmiş hərbi əməliyyat idi. Azərbaycana yeridilən sovet qoşunlarının tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, eləcə də hərbi məktəblərdə təhsil alan erməni kursantları da daxil edilmişdi. 1990-cı il yanvarın ortalarından etibarən SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə digər xüsusi təyinatlı hərbi birləşmələrin 66 mindən artıq əsgər və zabiti Bakı şəhərinə gətirilərək müxtəlif hərbi obyektlərdə yerləşdirilmişdi. Bu faktlar Bakıya qarşı genişmiqyaslı hərbi müdaxilənin əvvəlcədən planlaşdırıldığını açıq şəkildə sübut edir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı rəhbərliyinin əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Qadın, qoca və uşağa belə fərq qoymadan dinc əhali tanklardan, zirehli döyüş maşınlarından və müxtəlif tipli silahlardan atəşə tutuldu. Tarixə “Bakı əməliyyatı” adı ilə düşən bu hərbi təcavüz xüsusi qəddarlıqla həyata keçirildi, fövqəladə vəziyyət elan olunmadan əvvəl belə onlarla insan amansızcasına qətlə yetirildi.

Kütləvi insan qırğını törədildikdən sonra yalnız 1990-cı il yanvarın 20-si səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edildiyi elan edildi. Halbuki həmin vaxta qədər şəhərin mərkəzində hərbi texnika hərəkət edib, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Nəticədə respublika üzrə 147 nəfər şəhid oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, yüzlərlə ev, nəqliyyat vasitəsi və dövlət əmlakı məhv edildi. Bu hadisə totalitar sovet rejiminin əsl mahiyyətini bütün çılpaqlığı ilə üzə çıxardı.

20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycandakı siyasi və mənəvi dayaqlarını sarsıtdı. Xalqın Sov.İKP-yə və mövcud rejimə nifrəti son həddə çatdı, minlərlə insan partiya sıralarını tərk etdi. Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq iradəsini qıra bilmədi, əksinə, milli mübarizəni daha da gücləndirdi.

20 Yanvar hadisələrinə ilk qəti və prinsipial siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Faciənin ertəsi günü 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd olan cinayət adlandırdı. Onun bu cəsarətli mövqeyi Kremlin informasiya blokadasına baxmayaraq, dünya ictimaiyyətində geniş əks-səda doğurdu və Azərbaycan xalqına böyük mənəvi dəstək oldu.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində qəbul edilən qərarla bu qanlı aksiya Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi rəsmən tanındı. Bu qərar 20 Yanvar faciəsinə verilən ilk tam və obyektiv dövlət qiyməti oldu.

1990-cı il 20 yanvar şəhidlərinin xatirəsi Azərbaycan dövləti tərəfindən əbədiləşdirilib. Bakı şəhərində Şəhidlər Xiyabanında “Əbədi Məşəl” abidə kompleksi ucaldılıb, “20 Yanvar şəhidi” fəxri adı təsis edilib. Hər il yanvarın 20-si ümumxalq hüzn günü kimi qeyd olunur və Azərbaycan xalqı şəhidlərin xatirəsini dərin ehtiramla yad edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsi daim gücləndirilir, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə icra olunan sosial islahatlar çərçivəsində 20 Yanvar şəhidlərinin ailələri və əlilliyi olan şəxslər üçün təqaüdlər və müavinətlər dəfələrlə artırılıb, onlara mənzil və avtomobillər təqdim olunub. Bu siyasət dövlətin şəhidlərə olan ali ehtiramının bariz nümunəsidir.

20 Yanvar faciəsi Azərbaycan xalqı üçün təkcə böyük bir faciə deyil, həm də bir qəhrəmanlıq və rəşadət salnaməsidir. Bu gün artıq tam aydındır ki, 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan xalqının müstəqillik yolunda dönüş nöqtəsi olub. 2020-ci ildə əldə edilən tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası bir daha sübut edir ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı.

20 Yanvar günü ləyaqətini qoruyan, azadlıq uğrunda ölümə belə hazır olan xalqın tarixində əbədi qalacaq şərəfli bir gündür. Bu tarix həm faciə, həm də milli qürur mənbəyidir və Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.

 Vasif Qafarov

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az