- Cənub Qaz Dəhlizi təşəbbüsü artıq 12 ildən çoxdur ki, fəaliyyət göstərir və bu müddətdə ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir. Bu təşəbbüs çərçivəsində bir sıra çətinliklərə baxmayaraq regional enerji təhlükəsizliyinə təminat verən real nəticələr əldə olunmuşdur.
Son illərdə
qlobal enerji sistemləri bir çox çağırışlarla üzləşmişdir. Siyasi gərginliklər,
dəyişən bazarlar və ekoloji problemlər həm enerji istehsalçıları, həm də
istehlakçılar üçün qeyri-müəyyənlik yaratmış, enerjini daha az əlçatan və daha
az etibarlı etmişdir. Enerji təhlükəsizliyi sülh,
regional əməkdaşlıq və iqtisadi artımla sıx bağlıdır.
Azərbaycan Asiya ilə
Avropanı coğrafi baxımdan birləşdirən, uzun illərdir regionlar
arasında körpü rolunu oynayır — bu gün isə biz balanslaşdırılmış
enerji siyasəti vasitəsilə həmin körpünü yaşıl enerji əməkdaşlığı dəhlizinə
çeviririk.
Enerji
təhlükəsizliyi əməkdaşlıq tələb edir və Azərbaycan özünü etibarlı təchizatçı,
tranzit ölkə və inkişaf edən yaşıl enerji istehsalçısı kimi mövqeləndirir. Avropa
İttifaqı yaşıl enerji sahəsində Azərbaycana investisiyalarını artırır.
Şaxələndirilmiş
neft və qaz kəməri sistemlərimiz vasitəsilə ölkəmiz Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirən mühüm körpü idi, indi
isə bu körpü yaşıl enerji ötürülməsi üzrə çalışacaq. Bu, Avropada
və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin gücləndirilməsinə və
enerji təchizatının şaxələndirilməsinə strateji töhfəmizi nümayiş etdirir.
Azərbaycan
bərpaolunan enerji mənbələrinə — Günəş, külək və hidroenerjiyə investisiyalar
cəlb edir. Bu sahədə texniki potensialımız quruda 135 giqavat, dənizdə
isə 157 giqavat bərpaolunan enerji resurslarını əhatə edir, iqtisadi
potensialımız isə təxminən 27 giqavatdır — bu da düzgün siyasət və investisiya
dəstəyi ilə inkişaf etməkdə olan iqtisadiyyatların innovasiyada lider ola
biləcəyini sübut edir.
Hazırda
Azərbaycan yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində onlarla layihə
həyata keçirir. Bunlara 4 yaşıl enerji dəhlizi və 3 yaşıl enerji zonası
daxildir ki, bu da Azərbaycanı regionun enerji mərkəzinə çevirib. Ənənəvi enerjidən şaxələndirilmiş sistemə uğurla
keçid edən Azərbaycan bərpaolunan enerji və enerji səmərəliliyini dövlət
siyasətinin əsas prioritetlərinə çevirib.
Bu layihələr
arasında Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi Avrasiya
enerji diplomatiyasında mühüm mərhələdir. Bu dəhlizlər
vasitəsilə Xəzər üzərindən külək və Günəş enerjisindən
istehsal olunan təmiz elektrik enerjisini Avropaya çatdıracaq.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2050-ci ilə qədər istixana qazı
emissiyalarını 40% azaltmağı və 2030-cu ilə qədər enerjinin ən azı 30%-ni
bərpaolunan mənbələrdən əldə etməyi öhdəsinə götürüb. Qarabağ, Şərqi Zəngəzur
və Naxçıvan regionlarında isə 2030-cu ilə qədər xalis sıfır karbon emissiyası
hədəfi müəyyən edilib.
Ölkəmiz Qlobal
Cənub daxil olmaqla bir çox ölkələr üçün enerji təhlükəsizliyinin təmin
edilməsində etibarlı və vacib tərəfdaş kimi özünü təsdiq edib. Bu isə Avropada
və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və
enerji təchizatının şaxələndirilməsinə strateji töhfəmizi göstərir.
Bu məsələdə həlledici məqam isə süni intellekt və data mərkəzləridir. Azərbaycanın enerji potensialını texnoloji və intellektual resurslarla birləşdirməyə yönəlib. Hazırda 10 min meqavata bərabər olan generasiya gücünün ən azı 2 min meqavatı istifadə edilməyən gücdür. Bu sərbəst resurs rəqəmsal infrastrukturun və süni intellekt texnologiyalarının inkişafı üçün hazır baza rolunu oynayır. Yaşıl enerji növləri üzrə imzalanmış müqavilələr gələcəkdə enerji generasiya gücünü daha da artıracaq ki, bu da rəqəmsallaşma prosesinin dayanıqlılığını təmin edəcək.
ABŞ ilə imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası” ölkəmizin data mərkəzləri və süni zəka ekosistemi üçün böyük əhəmiyyət kəsb edir. Çin ilə "Hərtərəfli Strateji Tərəfdaşlıq" və Avropa İttifaqının 10 ölkəsi ilə olan sazişlər Azərbaycanı qlobal texnoloji ekosistemin qovşağına çevirir.
Beləliklə, Azərbaycan bu
gün yalnız enerji ehtiyatlarına malik ölkə deyil, həm də enerji siyasətini
strateji baxış, texnoloji transformasiya və beynəlxalq əməkdaşlıqla birləşdirən
mühüm regional gücdür. Cənub Qaz Dəhlizi ilə başlanan yol artıq yaşıl enerji dəhlizləri,
bərpaolunan enerji zonaları və rəqəmsal infrastruktur layihələri ilə yeni mərhələyə
qədəm qoyur.
Ölkəmiz
paralel şəkildə həm enerji təhlükəsizliyini təmin edir, həm də iqlim
öhdəliklərini yerinə yetirərək dayanıqlı inkişaf modelini formalaşdırır. Enerji
resurslarının şaxələndirilməsi, yaşıl enerjiyə keçid, süni intellekt və data
mərkəzlərinin inkişafı bir-birini tamamlayan strateji istiqamətlər kimi çıxış
edir.
Məhz
bu kompleks yanaşma Azərbaycanın regional enerji mərkəzindən qlobal enerji və
texnologiya qovşağına çevrilməsini təmin edir. Qarşıdakı dövrdə ölkəmizin əsas
prioriteti enerji təhlükəsizliyi, yaşıl transformasiya və rəqəmsal inkişaf
arasında balansı qoruyaraq, sülhə, əməkdaşlığa və iqtisadi tərəqqiyə töhfə
vermək olacaqdır.
Azərbaycanın
məqsədi aydındır: etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, gələcəyin yaşıl və
intellektual iqtisadiyyatının aparıcı iştirakçısına çevrilmək.
Pərvanə Vəliyeva
Milli Məclisin
deputatı