Xətai Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən 257 nömrəli tam orta məktəbdə və 261 nömrəli məktəb-liseydə maarifləndirmə tədbirləri keçirilib.
Manset.az xəbər verir ki, "Sağlam
gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikahın fəsadları”,
“Tütün məmulatlarının sağlamlığa zərəri” və DİN-in Polis Akademiyasında təhsilə
təşviq mövzularında keçirilən tədbirlərdə polis əməkdaşları, psixoloqlar, pedaqoji
heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.
Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki
Vaqif Müslümov tədbirlərdə çıxış edərək təhsil müəssisələrində keçirilən bu tədbirlərin
mahiyyətindən danışıb, əsas məqsədin yeniyetmə və gənclərin zərərli vərdişlərdən
qorunması,
onların yaratdığı sosial və psixoloji fəsadları barədə məlumatlandırılması və sağlam həyat tərzinə təşviq edilməsi
olduğunu bildirib.
Çıxış edənlər şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai
təhlükələri, bu istiqamətdə aparılan qətiyyətli mübarizə tədbirləri, həmçinin
erkən nikahın təhsildən uzaqlaşma və sosial fəsadlara səbəb olması, eləcə də
internetdən təhlükəsiz istifadə qaydaları və kibertəhlükəsizlik mövzusunda ətraflı
bilgi veriblər.
Tədbirlərdə
ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına kursant qəbulu
qaydaları barədə də ətraflı məlumat verib, orada gənclərimizin hərtərəfli
inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili
almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışıb.
Daha sonra mövzularla bağlı suallar cavablandırılıb.