Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən
Səməd Vurğun adına Sağlamlıq Mərkəzində “Təhlükəsiz əmək səmərəli fəaliyyətin
əsasıdır” mövzusunda konfrans təşkil edilib.
Manset.az xəbər verir ki, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr
edilən və dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə
keçirilən tədbirdə əvvəlcə iştirakçılar əməyin mühafizəsi vasitələrindən ibarət
sərgi ilə tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli
Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Sonra Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun
əməyin mühafizəsi ilə bağlı videomüraciəti izlənilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov əməyin mühafizəsinin işçilərin
sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin təmin olunması və insan
kapitalının davamlı inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial
inkişaf strategiyasına uyğun olaraq, əmək münasibətlərinin tənzimlənməsi
istiqamətində sistemli yanaşma formalaşdırılıb. Hazırda dövlət başçısı cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində iş yerlərində
təhlükəsizlik standartları daha da təkmilləşdirilir, layiqli əmək şəraiti
yaradılır.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının bu sahədə gördüyü işlər barədə də məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində bu sahədə digər tədbirlərlə yanaşı, həmkarlar
ittifaqları tərəfindən müəssisələrdə əməyin mühafizəsi üzrə 567 monitorinq
aparılıb, aşkar olunan çatışmazlıqlarla bağlı müvafiq tövsiyələr verilib. Ötən
il bu sahədə təşkil olunmuş 36 təlimdə 2400-dən çox işçi iştirak edib. Konfederasiya
sədri çıxışında BƏT ilə əməkdaşlıq və qurumun ölkəmizdə ratifikasiya olunmuş
“Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında”
Konvensiyanın önəmini qeyd edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri,
Konfederasiyanın Layiqli Əmək Səfiri Musa Quliyev ölkədə əməyin mühafizəsinə
dair qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirildiyini,
normativ-hüquqi aktların işçilərin sağlamlığının qorunmasına və istehsalat
risklərinin minimuma endirilməsinə xidmət etdiyini vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Zaur Əliyev sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının dövlət siyasətinin
prioritet istiqamətlərindən olduğunu nəzərə çatdırıb, istehsalat qəzalarının və
peşə xəstəliklərinin qarşısının alınması tədbirləri, iş yerlərində təhlükəsizlik
standartlarının tətbiqi və nəzarət mexanizmləri barədə məlumat verib.
İslam Əməkdaşlıq Təşkilatı Əmək Mərkəzinin Baş
direktoru Azər Bayramov və BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev
əmək bazarında baş verən dəyişikliklər, rəqəmsallaşma və yeni istehsal modelləri
fonunda preventiv və innovativ yanaşmalara diqqət çəkib, sosial dialoqun, eləcə
də beynəlxalq əmək standartlarının tətbiqinin iş prosesində təhlükəsizliyin
yüksəldilməsində rolunu qeyd ediblər.
Tədbir çərçivəsində Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası ilə Azərbaycan
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında
sahibkarlar üçün əməyin təhlükəsizliyi və mühafizəsi sahəsində (IOSH) təlimlərin
təşkilinə dair Anlaşma Memorandumu imzalanıb.
Konfransda əməyin mühafizəsi və bu istiqamətdə Azərbaycan
həmkarlar ittifaqları tərəfindən görülən işlərdən bəhs edən videoçarx nümayiş
olunub.
Sonda sağlam və təhlükəsiz əmək şəraitinin
yaradılmasında fərqlənən müəssisə və təşkilatlar mükafatlandırılıb.