"Azərbaycan ikili standartlara qarşı daim prinsipial mövqe sərgiləyir "

11:02 - 06 May 2026

\"Azərbaycan ikili standartlara qarşı daim prinsipial mövqe sərgiləyir \"

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində konstruktiv və tarazlı siyasət yürütməkdə davam etdiyini bir daha nümayiş etdirdi.


Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması və Ermənistanın bu təşəbbüsü dəstəkləməsi regionda formalaşmaqda olan yeni siyasi reallıqların mühüm göstəricisidir:

“Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real və dönməz xarakter aldığını təsdiqləyən əhəmiyyətli addımdır.

Cəmi doqquz ay əvvəl imzalanmış sülh razılaşmasından sonra Azərbaycanın praktiki addımları sözlə əməl birliyinin bariz nümunəsidir. Ermənistanın ərazimiz vasitəsilə 28 min ton yük qəbul etməsi, eləcə də 12 min ton Azərbaycan neft məhsulunun bu ölkəyə ixracı sülhün artıq konkret iqtisadi nəticələr verdiyini göstərir. 1990-cı illərdən tətbiq edilən tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması Azərbaycanın regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına sadiqliyini sübut edir”.

A.Həsənova qeyd edib ki, eyni zamanda, Prezident İlham Əliyev bəzi Avropa təsisatlarının Ermənistan–Azərbaycan sülh prosesinə münasibətdə nümayiş etdirdiyi ikili standartlara əsaslı şəkildə diqqət çəkdi:

“Prezident İlham Əliyev vurğuladı ki, təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər”.

A. Həsənova bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və separatizmə son qoyulması beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olduğu halda, ölkəmizə qarşı ədalətsiz yanaşmalar qəbuledilməzdir:

“Xüsusilə qeyd olunmalıdır ki, Avropa Parlamenti son beş il ərzində Azərbaycanla bağlı 14 qətnamə qəbul etməklə obyektivlikdən uzaq mövqe nümayiş etdirib. Halbuki Avropa məkanında mövcud olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya və sosial problemlər kimi fundamental məsələlər daha ciddi diqqət və həll tələb edir. Bu baxımdan, Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qəbul etdiyi qərar milli maraqlarımızın qorunmasına yönəlmiş prinsipial addımdır.

Bununla yanaşı, dövlətimizin sülh gündəliyinə sadiqliyi dəyişməz olaraq qalır.

“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təşəbbüslər regionda yeni nəqliyyat və iqtisadi imkanlar açaraq həm Azərbaycan, həm də Ermənistan üçün qarşılıqlı faydalı perspektivlər yaradır.

Hesab edirəm ki, Prezident İlham Əliyevin çıxışı həm regional, həm də ümumavropa miqyasında yeni əməkdaşlıq mərhələsinin əsaslarını qoyur. Azərbaycan sülhün, sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olaraq bundan sonra da qətiyyətli və prinsipial mövqeyini davam etdirəcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az