2024-cü ilin iyununda Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində həyatını itirən əsgər Ceyhun Hüseynovun xatirə gecəsi keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, deputatlar, incəsənət xadimləri, ədəbiyyat nümayəndələri, şəhid anaları və qazilər, o cümlədən mərhumun qohumları və dostları iştirak ediblər.
Qonaqlar əvvəlcə Ceyhun Hüseynovun şəxsi əşyaları və fotolarının toplandığı xatirə muzeyini ziyarət ediblər. Muzeydə qonaqlara mərhum əsgərimizin həyat yolu və hərbi xidməti ilə bağlı məlumat verilib.
Xatirə gecəsi Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ceyhun Hüseynovun həyat yoluna işıq salan videoçarx nümayiş etdirilib.
Daha sonra qonaqlar Ceyhun Hüseynovla bağlı xatirələrini bölüşüblər. Mərhum əsgərimizin vətəninə ürəkdən bağlılığı, cəsarəti, eyni zamanda necə savadlı, mehriban və səmimi bir gənc olması çıxış edənlər tərəfindən xüsusi vurğulanıb
Xatirə gecəsində şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, Xalq artistləri Könül Xasıyeva və Alim Qasımov, o cümlədən Əməkdar artist Fərqanə Qasımova muğam ifa ediblər.
Xatırladaq ki, Ceyhun Hüseynov 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. O, mehribançılığı, səmimiyyəti, çalışqanlığı ilə hər zaman yaşıdlarından fərqlənib. Liseyi bitirdikdən sonra qəbul imtahanında 627 bal toplayan Ceyhun ADA Universitetində təhsilini davam etdirib. Daha sonra isə Təl-Əvivdə magistratura təhsili alib.
Ceyhun ali təhsilini başa vurduqdan sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Lakin hərbidən tərxis olunmağına 20 gün qalmış onun qısa, lakin mənalı ömrü sona çatıb. Belə ki, o, 2024-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
İyunun 11-də isə Ceyhun Hüseynovun nəşi tapılıb. Mərhumun cənazəsi Ordubad rayonunun Gənzə kəndində, adını daşıdığı şəhid əmisinin məzarının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Ceyhunun adını daşıdığı əmisi – Ceyhun Tahir oğlu Hüseynov 1975-ci il yanvarın 22-də Ordubadın Gənzə kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsinə qatılıb, bir sıra istiqamətlərdə gedən döyüş əməliyyatlarında iştirak edib. Ceyhun Hüseynov 1994-cü il aprelin 17-də Goranboy rayonun Talış kəndində gedən döyüşlərdə şəhid olub.