Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan Zəfərə: müstəqil Azərbaycanın yüksəliş yolu” mövzusunda birgə tədbir keçirib.
Manset.az xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib,
önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan
Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər
Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə
canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Sonra
Milli Qurtuluş Günü münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Çıxış
edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, məşhur “91”lərin
üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “Türk Ağsaqqalları
arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü
Sudeyif İmamverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları
Mübariz Qurbanlı, Rasim Musabəyov, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının
sədri Ramil Vəlibəyov və başqaları Milli Qurtuluş Gününün siyasi-tarixi əhəmiyyətindən
danışıb, onu Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri
kimi dəyərləndiriblər. Bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli
tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb,
Azərbaycan dövləti isə parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən
qurtularaq güclü bir dövlətə çevrilib. Ulu öndər Heydər Əliyev tarix baxımından
çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın
müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olub.
Qeyd
edilib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi,
xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv
etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün eyni
zamanda, müstəqil Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən
tanınması, qlobal siyasətdə layiqli yerini tutması, iqtisadiyyatının güclənməsi,
ən nəhayət ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması ilə səciyyələnir.
Çıxışlardan
sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının yubiley yaşında olan
veteranları, ƏPT sədrləri və sədr müavinləri təltif olunub, partiyaya üzv qəbul
edilmiş şəxslərə vəsiqələri təqdim edilib.