Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi
məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay
Quliyev Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının
33-cü İllik Sessiyasının plenar iclasında çıxış edib.
Manset.az-ın məlumatına görə, çıxışına
sessiya iştirakçılarının həmin gün Beynəlxalq Ədalət Məhkəməsini ziyarət
etdiklərini xatırlatmaqla başlayan Azay Quliyev bildirib ki, bu məhkəmə
beynəlxalq hüququn aliliyinin təmin edilməsinə xidmət edən əsas beynəlxalq
təsisatlardan biridir. Bununla belə, o qeyd edib ki, müasir dövrdə beynəlxalq
hüququn prinsipləri və beynəlxalq təhlükəsizlik sistemi ciddi çağırışlarla
üz-üzədir.
Deputat
vurğulayıb ki, beynəlxalq hüquq bir çox hallarda universal deyil, selektiv
şəkildə tətbiq olunur. Bu isə beynəlxalq hüquqa və çoxtərəfli institutlara
etimadı zəiflədir, diplomatiyanın rolunu azaldır və beynəlxalq münasibətlərdə
güc amilinin üstünlük qazanmasına şərait yaradır.
Azay
Quliyev çıxışında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının
mövcud qlobal çağırışlara lazımi səviyyədə cavab verə bilmədiyini qeyd edərək bildirib ki, qurum öz
effektivliyini və legitimliyini qorumaq üçün XXI əsrin reallıqlarına uyğun
şəkildə islahat edilməli, daha çox
təmsilçi, daha şəffaf və daha səmərəli qərar qəbuletmə mexanizmlərinə malik
olmalıdır.
O
diqqətə çatdırıb ki, dünya yeni beynəlxalq nizam haqqında çox danışsa da,
mövcud beynəlxalq sistemi islah etmək və daha ədalətli, effektiv və inklüziv
qlobal idarəetmə modelini formalaşdırmaq istiqamətində hələ də kifayət qədər
siyasi iradə nümayiş etdirilmir.
Azay
Quliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin qarşısında mühüm seçim dayanır:
beynəlxalq hüququn aliliyini möhkəmləndirmək, çoxtərəfli əməkdaşlığı
gücləndirmək, qlobal idarəetmə institutlarında islahat aparmaq və daha ədalətli beynəlxalq
təhlükəsizlik sistemi qurmaq, yaxud etimadsızlığın dialoqu, qarşıdurmanın isə
əməkdaşlığı əvəz etdiyi təhlükəli tendensiyanın davam etməsinə imkan vermək.
Çıxışının sonunda Azay Quliyev bildirib ki, tarix bugünkü nəsli üzləşdiyi böhranlara görə deyil, beynəlxalq nizamı vaxtında islah etmək və gələcək nəsillər naminə daha təhlükəsiz dünya qurmaq üçün nümayiş etdirdiyi siyasi iradə və cəsarətə görə qiymətləndirəcək.