Məlum olduğu kimi, Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib.
Görüşdə repatriantlarla söhbət aparılıb, onların hüquqlarının təmini vəziyyəti və ehtiyacları öyrənilib, qadın və uşaqlar hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Ombudsmanın mandatı barədə ətraflı məlumatlandırılıb.
Bununla yanaşı, müəssisə rəhbəri tərəfindən təsisatın əməkdaşlarına repatriantların reabilitasiyası üzrə göstərilən xidmətlər barədə məlumat verilib, görüşün nəticəsi üzrə müzakirələr aparılaraq müəssisə əməkdaşlarına tövsiyələr verilib.