Millimizin heyətində zədələnən “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun durumu tam dəqiqləşməyib.
Manset.az xəbər verir ki, bu barədə Qol.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri məlumat verib.
“Bədavinin zədəsi ilə bağlı daha yaxşı olar ki, siz millinin məşqçilərindən və həkimlərindən soruşasınız. Çünki onlar ordadılar, nə baş verdiyini, niyə baş verdiyini onlar görürlər. Bəli, komandamızın həkimlərini məlumatlandırıblar. Amma həkimlərimiz Bədavini görmədən, MRT müayinəsi etmədən nəsə məlumat vermək istəmirlər. Bizə verilən ilkin məlumata görə, köhnə zədəsini yeniləyib. Yenə diz bağlarından zədə alıb” – deyə klubdan bildirilib.
Qeyd edək ki, Bədavi Hüseynov 2021-ci ilin iyun ayında millimizin Moldova ilə yoldaşlıq oyununda dizindən zədə almışdı. 9 aydır meydana çıxmayan futbolçu yığmamızın bir neçə gün əvvəl Malta ilə keçirilən yoxlama oyununda yenidən eyni yerdən zədələnib.