İran Prezidenti Məsud Pezeşkian bildirib ki, tərəflər razılaşdırılmış sxemə uyğun hərəkət edəcəkləri təqdirdə, Tehran Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı razılaşmaya əməl etməyə hazırdır.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Pezeşkian bu barədə CBS News telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, gəmiçilik marşrutları ilə bağlı fikir ayrılıqları ilkin olaraq danışıqlar yolu ilə həll edilə bilərdi. Lakin bunun əvəzinə yaranmış vəziyyət əvvəl əldə edilmiş anlaşmanın pozulmasına gətirib çıxarıb.
“Biz hələ də bu memoranduma sadiqik və ona əməl etməyə hazırıq”, - İran Prezidenti bildirib.
Pezeşkian izah edib ki, gəmilərin keçməsi üçün razılaşdırılmış marşrutlar İran və Oman tərəfindən müəyyən edilməli və koordinasiya olunmalı idi. Əgər hər hansı gəmi bu marşrutlardan kənar keçmək istəyirdisə, bunu iki ölkə ilə razılaşdırmalı idi.
“Əgər onlar bu sxemə uyğun hərəkət etsələr, düşünürəm ki, hamımız buna əməl edəcəyik”, - o deyib.
CBS-in aparıcısı Marqaret Brennan Pezeşkiandan soruşub ki, ABŞ Prezidenti Donald Tramp razılaşmanı qəbul edəcəyi təqdirdə İran hərbçilərinin də ona əməl edəcəyinə zəmanət verə bilərmi?
“Şübhəsiz ki, üzərimizə götürdüyümüz bütün öhdəliklərə əməl edəcəyik”, - Pezeşkian cavab verib.
İran Prezidenti problemin əvvəl əldə edilmiş razılaşmanın tərəflərdən biri tərəfindən yerinə yetirilməməsindən sonra yarandığını bildirib.
“Razılaşdığımız marşrutlar İran və Oman arasında koordinasiya əsasında gəmilərin keçidi və tranziti üçün müəyyən edilməli idi. Əgər gəmi bu marşrutlardan kənar keçmək istəyirdisə, bunu onlarla razılaşdırmalı idi. Onlar bunu etmədilər və təəssüf ki, bu, qarşıdurmaya gətirib çıxardı”, - Pezeşkian vurğulayıb.
İran Prezidenti məsələnin tələsik həllinə ehtiyac olmadığını da bildirib. Onun sözlərinə görə, tərəflər bir ay gözləsəydilər, əldə edilmiş anlaşmaya uyğun olaraq marşrut avtomatik şəkildə açılacaqdı və bundan sonra memorandumun növbəti mərhələlərinə keçmək mümkün olacaqdı.
“Bu nöqtəyə danışıqlar və problemlərin həlli yolu ilə çatmaq mümkün idi”, - Pezeşkian deyib.
Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” ABŞ Prezidenti Donald Trampın İranın atəşkəs təklifini rədd etdiyini və ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı zərbələri yenidən başlada biləcəyini yazıb.