logo
logo logo
logo

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Anım Günü ilə əlaqədar tədbir keçirildi - FOTO

21:14 - 25 Sentyabr 2026

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Anım Günü ilə əlaqədar tədbir keçirildi - FOTO

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şəhidlərin əziz xatirəsinə həsr olunan “Memarlıqda yaşayan xatirə” adlı tədbir keçirilib. 


Manset.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edən Komitə sədri Anar Quliyev 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında xüsusi yer tutduğunu, şəhidlərimizin qəhrəmanlığının və fədakarlığının daim dərin ehtiramla yad ediləcəyini bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və həyatın yenidən canlanması şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsidir. Komitə sədri həmçinin “Tarixi yaddaş yalnız kitablarda və arxivlərdə yaşamır. Tarixi yaddaş həm də şəhərlərdə yaşayır”, - deyə vurğulayıb.

Daha sonra Komitə sədrinin müavini İlqar İsbatov tarixi yaddaşın qorunmasında şəhərsalma və memarlığın rolundan danışıb. O bildirib ki, xatirə kompleksləri baş planlarda şəhər mühitinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir. Bu məkanların yerləşməsi və ictimai məkanlarla əlaqələndirilməsi şəhidlərin və Zəfərin xatirəsinin şəhərlərin gündəlik həyatında yaşadılmasına xidmət edir.

“Chapman Taylor” şirkətinin İdarə Heyətinin üzvü Marselina Zielinska isə şirkətin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə hazırladığı Xankəndi Zəfər Abidəsinin və Gəncə Memorial Kompleksinin memarlıq konsepsiyalarını təqdim edib. O qeyd edib ki, Xankəndidəki abidə və onu əhatə edən ictimai məkan şəhər mühitində vahid xatirə məkanı yaradır. Gəncə Memorial Kompleksi isə raket zərbələri nəticəsində dağıdılmış yaşayış binalarının yerində inşa olunub. Kompleksin spiralvari forması raketin yerdə buraxdığı izi simvolizə edir, dağıdılmış binaların qalıqları isə onun açıq məkanında qorunub saxlanılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Daşınar mədəni irsin qorunması və arxeoloji tədqiqatlara nəzarət sektorunun müdiri Seyran Quliyev İşğal və Zəfər muzeylərinin ekspozisiyalarında tarixi hadisələrə dair maddi şahidlik nümunələrinin rolundan danışıb. O, işğal dövründə dağıntıya və vandalizmə məruz qalmış mədəni irs abidələrinə xüsusi diqqət çəkib. Həmçinin “Art Cloud Network International” beynəlxalq layihələndirmə şirkətinin təsisçisi Fabrisio Kontinin videomüraciəti nümayiş etdirilib. O, İşğal və Zəfər muzeylərinin layihələndirilməsi zamanı memarlığın, ekspozisiyanın və ziyarətçi marşrutunun vahid məzmun ətrafında qurulmasından bəhs edib. Onun sözlərinə görə, bu yanaşma işğal dövründə yaşanan faciəni, Zəfərin tarixi əhəmiyyətini və azad edilmiş ərazilərin dirçəliş prosesini ziyarətçilərə ardıcıl və təsirli şəkildə təqdim etməyə imkan verir.

Sonda Anım Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az