İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə Hörmüz boğazında mövcud təhlükəsizliyin pozulmasının ABŞ-ın İrana verdiyi vədi yerinə yetirməməsinin və cinayət törətməsinin birbaşa nəticəsi olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, Əraqçi və Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüşüblər.
Görüşdə İran ilə Rusiya arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmə məsələləri, eləcə də regionda baş verən hadisələr müzakirə olunub.
Əraqçi rusiyalı həmkarına İran və Oman arasında Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi üçün marşrut yaradılması ilə bağlı danışıqların vəziyyəti və vasitəçilərin ABŞ-ın diplomatik prosesə qayıtması üçün zəruri şərtlərin çatdırılması istiqamətində səyləri barədə məlumat verib.
Hörmüz boğazında mövcud təhlükəsizliyin pozulmasının ABŞ-ın “verdiyi vədi yerinə yetirməməsinin və cinayət törətməsinin birbaşa nəticəsi” olduğunu bildirən Əraqçi müharibənin dayandırılmasına yönəlmiş razılaşma prosesində İranın xoşməramlı mövqe nümayiş etdirdiyini bir daha vurğulayıb.
Əraqçi ölkəsinin “diplomatiya sahəsində nümayiş etdirdiyi ciddiyyətlə öz maraqlarını və milli təhlükəsizliyini müdafiə etmək, eləcə də ABŞ-ın Hörmüz boğazından İranın milli təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə sui-istifadə etməsinin qarşısını almaq əzmində olduğunu” bildirib.
Rusiya xarici işlər naziri Lavrov da ABŞ, İsrail və İran arasında mövcud gərginliklə bağlı ölkəsinin mövqeyini açıqlayaraq bütün dövlətlərin beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə riayət etməsinin vacibliyini vurğulayıb.