Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a daxil olan məlumatda bildirilir.
Görüşdə Şavkat Mirziyoyev qeyd edib ki, münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. Qeyd olunub ki, pandemiya ilə əlaqədar qlobal iqtisadiyyatda mövcud vəziyyətə baxmayaraq, Azərbaycan və Özbəkistan arasında ikitərəfli təmaslarda müsbət dinamika qorunub. Son illərdə pandemiyaya baxmayaraq, ticarət dörd dəfə artıb. İlin əvvəlindən ticarət dövriyyəsinin 25 faiz artması münasibətlərimizin müsbət xarakteristikasını göstərir.
Sahibə Qafarova səmimi qəbula görə Özbəkistan Prezidentinə minnətdarlığını bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. Sonra Milli Məclisin sədri Özbəkistanın dövlət başçısına Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər, regionda yaranmış yeni şərait və imkanlar barədə ətraflı məlumat verib. O, Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə, Özbəkistana minnətdarlığını bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


