Azərbaycan Televiziyasının mobil əlavəsi istifadəyə verilib.
Televiziyanın Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin Manset.az-a məlumata görə, tətbiq tamaşaçıların günün istənilən saatında, istənilən məkanda Azərbaycan Televiziyasını daha əlçatan formada seyr edə bilmələri üçün hazırlanıb.
Mobil əlavəni yükləyənlər AzTV-ni canlı seyr etmək imkanı əldə etməklə yanaşı, həm də kanalın rəsmi internet saytı www.aztv.az-da gündəlik tirajlanan rəsmi, dəqiq xəbərləri, ölkədən və dünyadan hazırlanmış eksklüziv reportajları oxuya, izləyə biləcəklər.
Tətbiqdə AzTV-nin gündəlik və həftəlik proqramı, yayımlanan layihə və filmlərlə bağlı məlumatlar, anonslar da yer alıb.
AzTV-nin verilişlərinin tam buraxılışlarına mobil əlavədən baxmaq mümkündür. Bundan başqa, Azərbaycan Radiosunu da tətbiqi yükləməklə rahatlıqla dinləmək olar.
AzTV-nin mobil əlavəsi ilkin olaraq androidlər üçün nəzərdə tutulub.
AzTV komandası tətbiqin növbəti yeniləmələr üçün yeni funksiyaları üzərində çalışır. Mobil tətbiqi yükləmək istəyənlər linkə keçid edə bilərlər.