Bu imtahanın ödənişli olması əslində müəllimlərin üstünə bir məsluliyyət qoymaq üçündür, pul toplamaq deyil.
Manset.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, MİQ imtahanına müraciət edənlərin hamısının imtahana gəlməməsi problemlərə yol açır:
"Məsəl üçün 12 min nəfər qeydiyyatdan keçir və bu imtahana 6 min nəfər gəlir. Biz bu imtahanlar üçün vəsait xərcləyirik. 10 mindən çox şəxs var ki, hər il imtahan verir və hər il də kəsilir. İnsanlar bunu ona görə edirdi ki, bu imtahan ödənişsiz idi. Bu imtahanın ödənişli olması əslində müəllimlərin üstünə bir məsluliyyət qoymaq üçündür, pul toplamaq deyil"- deyə nazir əlavə edib.
***
11:10
Müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.
Manset.az xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik edilir.
Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Bildirilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək.