- Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının yeni qərarı Naxçıvan Muxtar Respublikası üzrə subsidiyaların məbləğlərini əhəmiyyətli dərəcədə artırıb. Yeni əmsallar həm əkin, həm məhsul, həm də toxum subsidiyası üzrə fərqli yanaşmanı əks etdirir.
Manset.az xəbər verir ki, əsas məqsəd isə Naxçıvanda gəlirli və ixracyönümlü
əkinçilik təsərrüfatlarının yaradılması, torpaq və su ehtiyatlarından daha
səmərəli istifadə, həmçinin müasir əkinçilik texnologiyalarının tətbiqinin
təşviqidir.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyində təqdimat keçirilib, yeni qaydalar və subsidiya
əmsalları barədə məlumat verilib.
Yeni qaydalara əsasən, 2025-ci il sentyabrın 1-dən
2026-cı il mayın 31-dək Naxçıvanda salınacaq bir sıra meyvə bağlarına ölkədə
indiyədək tətbiq olunmuş ən yüksək birdəfəlik subsidiya məbləğləri ödəniləcək.
Onu da qeyd etməliyik ki, subsidiya
əmsalları Naxçıvanın torpaq-iqlim və relyef xüsusiyyətləri nəzərə alınaraq
yenidən tənzimlənib. Əvvəlki bir sıra məhdudiyyətlər aradan qaldırılıb.
Mühüm yeniliklərdən biri olaraq, Muxtar Respublikada da
intensiv meyvə bağları üçün subsidiya ödənişləri həyata keçiriləcək.
Ötən illə müqayisədə əkin subsidiyası şərtlərində də
mühüm dəyişikliklər edilib. Belə ki, bu ildən etibarən əkin sahələrində dəniz
səviyyəsindən hündürlük meyarı artırılıb, ting sayı isə azaldılıb. Bu isə fermerlərə daha məhsuldar
təsərrüfatlar yaratmağa imkan verəcək.
Qərara əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar
Respublikasında giləmeyvə bağları da dövlət subsidiyası ilə dəstəklənəcək. Yeni
mexanizm çərçivəsində moruq və qarağat bağlarına hər hektar üçün 3 200 manat,
böyürtkən bağlarına 10 400 manat, qaragilə bağlarına isə 25 000 manat subsidiya
ayrılacaq. Bu göstəricilər, ölkənin digər iqtisadi rayonları ilə müqayisədə
daha yüksəkdir. Belə ki, həmin bölgələrdə böyürtkən üçün subsidiya məbləği 3
200 manat, qaragilə üçün isə 20 000 manatdır.
Yüksək subsidiyalar nəzərdə tutulan digər meyvə
bağlarına üzüm,armud, şaftalı (nektarin), ərik, püstə, alma, xurma (xirnik),
badam, qoz və fındıq da daxildir.
Naxçıvan fermerləri üçün xüsusi müəyyən edilmiş
subsidiyalardan biri də təkrar tərəvəz əkinləri üçündür. Muxtar Respublikada
suvarılan ərazilərdə 2026-cı il iyunun 1-dən avqustun 31-dək aparılacaq tərəvəz
əkinlərinin hər hektarına 120 manat məbləğində subsidiya ödəniləcək.
Subsidiya əldə etmək üçün fermerlər bir sıra vacib
şərtlərə əməl etməlidirlər. Bunlara torpaq analizinin aparılması, aqrar
sığortanın mövcudluğu, bağların intensiv və superintensiv texnologiyalarla
salınması, ting sıxlığının normativlərə uyğunluğu, damcı suvarma sistemlərinin
tətbiqi, sertifikatlı tinglərdən istifadə və bəzi məhsullar üzrə minimal əkin
sahəsinin təmin olunması daxildir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd
təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasına əsasən
2020-ci ildən etibarən ölkəmizdə yeni subsidiya mexanizmi tətbiq edilir.
Hər il bitkiçilik sahəsində verilən subsidiyaların
tətbiqi üçün Aqrar Subsidiya Şurası tərəfindən əmsallar müəyyən edilir.
Yeni subsidiya mexanizmi məhsuldarlığın
artırılması, fermerlərin rifahının yaxşılaşdırılması ilə yanaşı müasir suvarma
sistemlərinin tətbiqinin genişləndirilməsi, təbii resurslardan səmərəli
istifadə edilməsini və sertifikatlı toxum və tinglərdən istifadənin genişləndirilməsini
təşviq edən diferensial yanaşmanın tətbiqini mümkün edir.