Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən və “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “4 mövsüm Qrız” layihəsi uğurla yekunlaşdı.
Manset.az xəbər verir ki, Quba rayonunun Qrız kəndində həyata keçirilən layihənin sonuncu təlimində qadın iştirakçılar üçün aqroturizm mövzusunda praktiki biliklər təqdim olundu, turizm yönümlü biznesin əsasları izah edildi.
Layihə rəhbəri, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin bölgədə dayanıqlı turizm və qadın təşəbbüskarlığının inkişafına xidmət etdiyini bildirdi:
“Bu layihə ilə biz Qrız kəndində qadınların turizm sahəsində fəallaşmasını
və öz kiçik bizneslərini qurmaq imkanlarını dəstəklədik. Layihə ərzində yerli
resurslara əsaslanan, dörd mövsüm davamlı ola biləcək turizm fəaliyyətlərinə
fokuslandıq”.
Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov bölgənin turizm potensialına diqqət çəkərək qeyd etdi:
“Qrız kəndi təkcə təbiəti ilə deyil, həm də yerli icmanın fəallığı ilə seçilir.
Bu cür layihələr sayəsində yerli əhalinin, xüsusilə də qadınların turizm
sahəsinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarla təmin edilməsi uzunmüddətli
inkişaf üçün vacib şərtlərdən biridir”.
Tədbirdə təlimçi, turizm üzrə mütəxəssis Vüqar Dərgahov aqroturizm fəaliyyətlərinin biznes yönümlü təşkili barədə iştirakçılara ətraflı məlumat verdi:
“Aqroturizm təkcə fermerlik deyil,
bu, kənd həyatını və yerli mədəniyyəti turizm məhsuluna çevirməkdir. Qrız kəndi
bu baxımdan çox unikal imkanlara sahibdir və düzgün planlama ilə bu imkanlar
gəlirli fəaliyyət sahəsinə çevrilə bilər”.
Vüqar Dərgahovun təqdimatında “Qrız
kəndində aqroturizm fəaliyyətlərinin biznes planı” mövzusunda təlimdə iştirakçılar
biznes planlaşdırma mərhələləri, məhsul seçimi, qiymət formalaşdırılması,
xidmət keyfiyyəti və bazara çıxış yolları barədə məlumatlandırıldılar. Təlim
iştirakçılarına biznes planların hazırlanmasına dəstək göstərildi. Sessiya
sonunda sual-cavab və müzakirələr aparıldı, daha sonra iştirakçılara təlimdə
iştirak etdiklərinə dair sertifikatlar təqdim olundu.
“4 mövsüm Qrız” layihəsi
çərçivəsində 3 ay ərzində keçirilən təlimlər, praktiki sessiyalar və qadın
yönümlü təşviq proqramları Qrız kəndində sosial-iqtisadi fəallığı artırmağa
xidmət etdi. Layihənin nəticəsi olaraq yerli qadınlar turizm sahəsində ilkin
biznes bilikləri əldə etdilər, kəndin turizm potensialı yerli icma üzvləri
tərəfindən daha yaxından tanındı, aqroturizm, ekoturizm və etnoturizm
sahələrində fəaliyyət imkanları araşdırıldı. Layihənin sonunda iştirakçılar qrup
halında “4 mövsüm Qrız” adlı vahid brend adı altında turizm yönümlü
təşəbbüslərini təqdim etdilər.