"Türkiyə və Ermənistan ikitərəfli münasibətlər qurmaq üçün 20 yanvar 2022-ci ilə qədər Ankarada işçi qrupu yaradılacaq”.
Manşet.az xəbər verir ki, bu barədə "Habertürk” qəzetinin yazarı Çetiner Çetin "Türkiyə-Ermənistan münasibətləri 1.0" başlıqlı yazısında bildirib.
Jurnalist qeyd edib ki, qarşılıqlı xüsusi nümayəndələr təyin ediləcək:
"Ankaradakı nümayəndəliyə yeddi mühüm namizəd var. 2022-ci ilin may ayına qədər sağlam münasibətlərin bərpası üçün üç mərhələdən ibarət yol xəritəsi yaradılacaq. Müsahibə aldığım İrəvan rəsmiləri bəyan edirlər ki, Nikol Paşinyan hökuməti heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin inkişafının tərəfdarıdır.
2022-ci il yanvarın 15-dən etibarən bu məsələ ilə bağlı birbaşa Paşinyanla işləyəcək işçi qrupu və katiblik yaradılacaq. İrəvan Türkiyə ilə əlaqələri olan, diplomatik əlaqələri tarixi ölçüdən kənarda qarşılıqlı maraqlar üzərində quracaq nümayəndə seçməyə çalışacaq və komanda yaratmağa çalışacaq. Hər iki tərəf konsensus əldə etdikdən sonra təyin edilmiş nümayəndələr elan ediləcək”.
Çetiner Çetin əlavə edib ki, İrəvan yanvarın 20-dən etibarən irəliləmək istəyir:
"Müşahidə edirəm ki, Ankara da bununla bağlı istəklidir. İndi işlər yaxşı getsə, ilk növbədə çarter reysləri başlayacaq. Yəni mart ayından etibarən Ermənistan nəfəs alacaq. Qarabağ müharibəsində İrəvan administrasiyasının vəd etdiyi Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin açılması da müzakirə mövzusu olacaq. Ankara may-iyun aylarından etibarən bu dəhlizin açılmasını istəyir. Üçüncü mərhələ iqtisadi əlaqələrdir, iyul ayından etibarən bu məsələdə inkişaf gözlənilir”.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisindəki çıxışında Ermənistanın paytaxtı İrəvanla çarter reysləri açacaqlarını və bu ölkəyə xüsusi nümayəndə təyin edəcəklərini bildirmişdi. Nazir Türkiyənin hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyini demişdi.