Kamal Abdulla Macarıstanın mədəniyyət və innovasiya naziri ilə görüşdü - FOTOLAR

17:26 - 25 Sentyabr 2025

Kamal Abdulla Macarıstanın mədəniyyət və innovasiya naziri ilə görüşdü - FOTOLAR

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla sentyabrın 25-də ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiya naziri Balazs Hanko və nümayəndə heyəti ilə görüşüb.


Rektor qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Macarıstan arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əməkdaşlıq mövcuddur.

ADU-da Macar dili və mədəniyyəti yüksək səviyyədə tədris olunur. Tələbələr Macar dilinə, mədəniyyətinə, tarixinə və ədəbiyyatına böyük maraq göstərirlər.

Rektor çıxışı zamanı bu il Macarıstanın ELTE Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışından danışıb:

“Bizim macar həmkarlarımızla əməkdaşlığımız güzgüvari şəkildə davam edir. Biz burada Macar dilini, mədəniyyətini, Macarıstanı öyrənirik, Macarıstandakı tələbələr isə Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanı öyrənirlər. Universitetimizdə 20-dən çox dil tədris olunur. Bu dillərin içərisində Macar dilinin xüsusi əhəmiyyəti və yeri var. Tələbələrimiz bu dili sevə-sevə öyrənirlər. Xalqlarımız arasında tarixi dostluq və tərəfdaşlıq münasibətləri var. Bu da bizə bütün sahələrdə sıx əməkdaşlıq üçün güc verir. İnanıram ki, əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən Macarıstan Respublikasının mədəniyyət və innovasiya naziri Balazs Hanko müasir təhsil və elmi əlaqələr haqqında fikirlərini bölüşüb.

Bildirilib ki, sürətlə dəyişən dünya elm, təhsil texniki inkişaf və informasiya ilə yeni bir mərhələyə qədəm qoyur. Burada elmi təcrübələr, yeni təhsil yanaşmaları xüsusi önəm daşıyır. Qonaq həmçinin ADU ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb. Son illər iki ölkə arasında elmi, mədəni əlaqələr sürətlə inkişaf edir. Bu da gələcək elmi, mədəni əməkdaşlıq üçün əlverişli imkanların yaranması deməkdir. Beynəlxalq əlaqələrin qurulmasının vacibliyindən danışan qonaq ADU-da tədris olunan dillərin vacibliyini xüsusi olaraq qeyd edib. Macar dilinin və mədəniyyətinin tədris olunmasının əlamətdar bir hadisə olması vurğulanıb. 

Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən Macar dili və mədəniyyəti mərkəzi ilə tanış olub. ADU-nun tələbələri qonaqları Macar dilində salamlayıb, qonaqlara ADU haqqında məlumat veriblər. Tələbələrin dil bilgisi və bacarıqları qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Macarıstan Respublikasının mədəniyyət və innovasiya naziri Balazs Hanko tələbələrə Macar dilinə olan diqqət və sevgisinə görə təşəkkür edib, onlara təhsil həyatlarında uğurlar arzu edib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az