2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Qadın Vəkillər Alyansının üzvləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin uşaq sığınacağında uşaqlarla tədbir keçiriblər.
Manset.az xəbər verir ki, mərasim çərçivəsində vəkillər uşaqlara diqqət və qayğı göstərib, onların gündəlik həyatı, təhsili və gələcək arzuları ilə maraqlanıblar.
Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışında vurğulayıb ki, bu cür təşəbbüslər uşaqlar üçün yalnız sosial dəstək deyil, həm də onların gələcəkdə cəmiyyətin tamhüquqlu üzvləri olacaqlarına inamın gücləndirilməsinə xidmət edir. O, əlavə edib ki, Alyansın məqsədi sığınacaqda yaşayan uşaqlara hüquqi biliklərlə yanaşı, sevgi və inam aşılamaqdır.
İctimai Birliyin rəhbəri Kəmalə Ağazadə VK rəhbərliyinə və qonaqlara təşəkkürünü bildirərək qeyd edib ki, belə görüşlər uşaqlar üçün mühüm motivasiya və mənəvi dəstək mənbəyidir.
Sonda uşaqlara kiçik hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.