“ReadENG - ingilis dili müəllimlərinin forumu" uğurla baş tutdu - FOTOLAR

12:46 - 29 Sentyabr 2025

“ReadENG - ingilis dili müəllimlərinin forumu\" uğurla baş tutdu - FOTOLAR

28 sentyabr 2025-ci il tarixində Bakı Gənclər Mərkəzində ReadENG nəşriyyatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “ReadENG – İngilis dili müəllimlərinin I Forumu” keçirilib. Forumun əsas mövzusu “Xarici dilin tədrisində çağırışlar” idi və tədbir ingilis dili müəllimlərinin peşəkar inkişafı, təcrübə mübadiləsi və müasir yanaşmaların müzakirəsi üçün mühüm platformaya çevrilib.


Manset.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan dövlət himni səsləndirilib.  3 nõmrəli xüsusi internat məktəbinin müəllimi, bədii rəhbər Günel Kərimovanın başçılığı ilə eṣitmə və nitq məhdudiyyətli gənclərdən ibarət "Danışan Mələklər" qrupu himni müşaiyət ediblər.

Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumun açılışında ReadENG nəşriyyatının direktoru Murad Ahiz və həmtəsisçisi Arzu Ahiz çıxış edərək nəşriyyatın təhsil sahəsində gördüyü işlərdən, müəllimlər üçün yeni resurslar təqdim etmək və peşəkar inkişaf imkanlarını genişləndirmək istiqamətində atılan addımlardan danışıblar. Onlar vurğulayıblar ki, ReadENG müəllimləri bir araya gətirən və innovativ təlim resursları ilə dəstəkləyən təşəbbüsləri ilə təhsil ekosistemində yeni bir hərəkat yaratmağı qarşısına məqsəd qoyur.

Həmçinin tədbirdə nəşriyyatın direktoru Murad Ahiz  müəllimlərin öz ixtisasları üzrə şagirdlərinin nəticələrinə nəzarət edə biləcəkləri, şagirdlərin isə mütəmadi olaraq sərbəst öz biliklərini yoxlaya biləcəkləri xüsusi yaradılmış, ödənişsiz sınaq saytı olan  https://testet.az saytını təqdim edib.

Tədbirin fəxri qonaqları — Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, Milli Məclisin deputatı Ceyhun Məmmədov və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, xarici dil üzrə mütəxəssis Günay Əkbərova — çıxış edərək xarici dil tədrisinin inkişaf perspektivlərindən, müəllimlərin peşəkar dəstəklənməsinin vacibliyindən və təhsil sahəsində yeni yanaşmalardan bəhs ediblər.

Professor Hikmət Əlizadə müəllimlərin qlobal çağırışlara uyğunlaşmasının önəmini vurğulayaraq bu cür forumların müəllimlər arasında şəbəkələşməyə böyük imkan yaratdığını qeyd etdi. Deputat Ceyhun Məmmədov dövlətin təhsilə verdiyi dəstəkdən və müəllim peşəsinin nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlərdən danışdı. Xarici dil üzrə mütəxəssis Günay Əkbərova isə beynəlxalq təcrübələrin paylaşılmasının və müasir metodikaların tətbiqinin müəllimlərin peşəkar inkişafına verdiyi töhfələri önə çəkib.

Forum çərçivəsində həmçinin panel müzakirəsi təşkil olundu. Paneldə təhsil sahəsinin nüfuzlu mütəxəssisləri - Banövşə Məmmədova (ADU Tərcümə fakültəsinin dekanı, professor), Elçin Orucov (Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Dil Hazırlığı kafedrasının rəisi, polis polkovniki), Taira Axundova (Dövlət Gömrük Komitəsi Akademiyasının ingilis dili müəllimi) çıxış edərək xarici dil tədrisində qarşılaşılan praktiki çağırışlar, tələbələrin motivasiyası, yeni texnologiyaların istifadəsi və müəllimlərin davamlı inkişaf yolları barədə müzakirələr aparıblar. Panelin moderatoru Günay Əkbərova olub və müzakirəni dinamik şəkildə idarə edərək mövzunun müxtəlif aspektlərinin iştirakçılar tərəfindən işıqlandırılmasına şərait yaradıb.

Forum iştirakçılarına sertifikatlar təqdim olunub, həmçinin hədiyyələr paylanılıb. Tədbirin ən həyəcanlı anı isə Galaxy Travel şirkətinin sponsorluğu ilə keçirilən püşkatma olub. Püşkatmanın nəticəsində qalib seçilən iki müəllimə Bakı–İstanbul (gediş-dönüş) və Bakı–Füzuli (gediş-dönüş) istiqamətində ikinəfərlik aviabiletlər təqdim edilib.

Media tərəfdaşları — Azxeber.com, Editor.az, Manset.az, Veteninfo.az, 32gun.az, Bizimmedia.az, Konkret.az — tədbirin geniş ictimaiyyətə çatdırılmasına mühüm dəstək veriblər. ReadENG nəşriyyatı elan etdi ki, bu kimi forumlar mütəmadi şəkildə keçiriləcək və ingilis dili müəllimlərinin peşəkar inkişafı üçün yeni imkanlar yaradılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az